Xəbər lenti

NATO Putin Rusiyasının qarşısını necə almalıdır? - "Bloomberg"in köşə yazarı
Dünya07:36 25.04.2023

NATO Putin Rusiyasının qarşısını necə almalıdır? - "Bloomberg"in köşə yazarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
31 dövlət bəlkə də nüvə silahının köməyi ilə sərhədlərini möhkəmləndirməlidir. Daha mürəkkəb məsələ Ukraynanın üzvlüyü ilə bağlıdır.
Qaynarinfo "Bloomberg"in köşə yazarı Andreas Klut məqaləsini təqdim edir.
İyulda NATO müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı soyqırım müharibəsinə başlamasından sonra ikinci zirvə toplantısı üçün Vilnüsdə bir araya gələcək. Finlandiya Putinin döyüşkənliyinə cavab olaraq kluba qoşulduqdan sonra müttəfiqlərin sayı bu dəfə 31 olacaq. Bəs onlar hansı məsələləri nəyi həll etməlidirlər?
Bu və ya digər şəkildə istənilən müzakirə Putinə aid olacaq. Onun yaratdığı neo-çar imperialist təhlükəsi təkcə Ukrayna və ya Moldova kimi NATO üzvü olmayan ölkələri deyil, həm də Estoniya, Latviya və Litvanı da əhatə edir. Vilnüs gündəliyindəki bəzi müddəalar mübahisəsiz olsa da, digərləri Ukraynanın gözlənilən yaz hücumunun uğur və ya uğursuzluğundan asılı olaraq çox ağır ola biləcək dilemmalar yaradır.
Ən sadə məsələ resurslarla bağlıdır. NATO-nun onlara daha çox ehtiyacı var. Beləliklə, müttəfiqlər ÜDM-in ən azı 2%-ni öz ordusuna xərcləmək üçün məcburi razılığa gəlməlidirlər - bu, başlanğıc nöqtədir, lakin burada əsas məsələ nizam-intizamdır. NATO həm də bu pulların hara xərclənməsi ilə bağlı daha çox söz sahibi olmalıdır. Məsələn, bir ölkəyə daha az sualtı qayıq tikməyi, digər ölkəyə isə döyüş təyyarələrinə daha çox sərmayə qoyulmasının vacibliyini bildirmək olar. Məqsəd Kremli ayrı-ayrı ölkələrin ordusu kimi deyil, vahid və koordinasiyalı döyüş qüvvəsi kimi qarşılaşmaqdır. 
Daha da vacibi odur ki, müttəfiqlər "cəza” və ya "qisas” vasitəsilə köhnə çəkindirmə strategiyasından formal olaraq imtina etməlidirlər. Bu model Rusiyanın hücumu zamanı düşmənin ilk növbədə NATO ərazisinin bir hissəsini ələ keçirəcəyini ehtimal edirdi. Bundan sonra isə ABŞ və digər müttəfiqlər dostlarını azad edərək, böyük güclə Rusiyanı oradan qovaraq xilas etməyə tələsməlidirlər.
Bəlkə də intuitiv olaraq, "qisas” vasitəsilə çəkindirmə konspesiyası 1997-ci il Rusiya-NATO-nun razılaşması ilə qeyd olunan əvvəlki dövrün nisbətən dinc şəraitində daha çox məna kəsb edirdi. Onun əsas prinsipi Rusiya və Qərbin "qarşılıqlı inam və əməkdaşlığa” əsaslanan "birlikdə davamlı və hərtərəfli sülh quracağı” idi. Rusiya Şərqi Avropada özünü layiqli aparmağa söz verdi, NATO isə Kremli təhdid etməmək və ya təxribat törətməmək üçün şərq üzv ölkələrində böyük qüvvələr və qorxulu silahlar yerləşdirməyəcəyini vəd etdi. Bu həm də o demək idi ki, müttəfiqlər istəsələr belə, Rusiyanın qəfil hücumunu dayandıra bilməzdilər.
Putin birtərəfli qaydada NATO-nun belə düşüncəsinin əsasını məhv etdi. Birincisi, o, 2014-cü ildə Krımı ələ keçirərək, 2022-ci ildə Ukraynanın qalan hissəsini işğal edərək, razılaşmadan könüllü olaraq imtina etdi. İkincisi, onun qoşunları Buça və Ukraynanın işğal etdikləri digər ərazilərində vəhşiliklər törətməklə, NATO-nun bir hissəsinin azad edilməsini gözləyərkən, Baltik ölkələrinin sakinlərini, polyakları və ya finləri nə gözlədiyini nümayiş etdirdilər. Təkcə qisas almaq artıq kifayət deyil. 
Beləliklə, NATO açıq şəkildə "imkan verməməklə çəkindirmə” konsepsiyasına keçməlidir. Bu, NATO ərazisinin "hər qarışını" müdafiə etmək deməkdir, yəni ruslar hər hansı ərazini işğal etməzdən əvvəl dayandırılmalıdır. Bu cür çəkindirmənin etibarlı olması üçün NATO-nun təkcə arxa cəbhədə - məsələn, Almaniyadakı ABŞ bazalarında və nüvə şaxtalarında deyil, həm də cəbhə xəttində qorxulu qüvvələri olmalıdır.
Putin Krımı ələ keçirdikdən sonra alyans bu istiqamətdə kiçik bir addım ataraq "genişlənmiş ön varlıq” adlanan sistem yaratdı. Bu, Estoniya, Latviya, Litva və Polşadakı dörd çoxmillətli döyüş qrupundan ibarətdir. Keçən il buna daha dörd ölkə - Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya da qoşuldu.
Ancaq bunlar kiçik qruplardır. Bunlar "Putini qıcıqlandırmayaq” məntiqinin bir hissəsidir, lakin Putinin özü paranoyak və küskün təcavüzkara çevrilərkən bu məntiq artıq köhnəlmişdir. Beləliklə, NATO-nun ön xəttdəki mövcudluğu taborlar əvəzinə dırnaqdan təpəyə qədər silahlanmış bütöv briqadalardan ibarət daimi döyüş qüvvəsinə çevrilməlidir. 
Bu, nüvə silahı məsələsini gündəmə gətirir. İşğaldan sonra Putin dəfələrlə taktiki zərbələrlə hədələməklə nüvə tabularını pozub. Elə bu yaxınlarda o, nüvə silahını qonşu və vassal Belarus dövlətində yerləşdirəcəyini elan edərək yenidən "stavka”nı qaldırdı. Onun artıq Kalininqraddakı Rusiya anklavında, Litva və Polşa arasında döyüş başlıqları ola bilər.
NATO Putinə və dünyanın başqa yerlərində onu təqlid etmək istəyənlərə nümayiş etdirməlidir ki, heç vaxt nüvə təhdidinə və ya şantaja dözməyəcək. Yoxsa Putin belə davam edəcək və İran mollalarından tutmuş digər rejimlər də öz döyüş başlıqlarını almağa, onun surətini çıxarmağa can atacaqlar. Dünya nüvə kibrit qutusuna çevriləcək.
Buna görə də, NATO Putin tərəfindən nüvə silahının hər növ yayılmasına nəzarət etmək planlarını elan etməlidir. Əgər o, Belarusda döyüş başlıqlarını yerləşdirsə, NATO öz nüvə silahını Baltikyanı ölkələrdə və ya Polşada yerləşdirəcək.
Ən ağrılı sual Ukrayna ilə bağlıdır. Ən azı 2008-ci ildən alyansın Ukrayna və Gürcüstanın gələcəkdə - qeyri-müəyyən vaxtda "üzv olacağını” bildirdiyi vaxtdan Rusiya ilə Qərb arasında gərginliyin səbəb oldu. 
Bu gün Ukraynanın NATO-ya qəbulu üçün güclü arqumentlər var. Müharibədən sonra istənilən halda ona Qərbdən təhlükəsizlik zəmanəti lazım olacaq. Üzvlük perspektivi - keçən il Brüsselin vəd etdiyi Avropa Birliyinə qoşulma perspektivi kimi ölüm-dirim mübarizəsi aparan ukraynalıların əhval-ruhiyyəsini artıracaq.
Bununla belə, qarşılıqlı müdafiə bəndi olan 5-ci maddənin Ukraynaya şamil edilməsinə qarşı da güclü arqumentlər var. Bu qərar barədə düşünərkən mülahizələrdən biri onun ittifaqı daha güclü və ya zəiflədəcəyi olmalıdır. Ola bilsin ki, 2017-ci ildə Monteneqronun NATO-ya daxil olduğu zaman bu barədə düşünülməmişdir, lakin bu, Putinin işğalından əvvəl idi. Qoşulduğu istənilən anda Finlandiya İsveç kimi həqiqətən NATO-nu daha güclü edir. Ukrayna isə yox. 
Bundan əlavə, Ukraynanı NATO-ya qəbul etmək vədi başqa bir imperativə qarşı çıxa bilər. ABŞ və müttəfiqləri heç vaxt Kiyevə öz müdafiə məqsədlərini və sülh danışıqlarının şərtlərini diktə etməməlidirlər. Amma bütün müttəfiqlər Ukraynanı müdafiə etmək öhdəliyi götürsəydilər, onların taleyi bir-birinə qarışacaq və NATO Kiyevin seçimindən asılı olaraq III Dünya müharibəsinə girə bilərdi. Bunun qarşısını almaq üçün Qərb Ukraynanın qərarlarına müdaxilə etməli idi.
Təbii ki, müəyyən dərəcədə Ukrayna və Avropanın taleyi artıq bağlıdır. Məhz buna görə də Qərb Ukraynanı 5-ci maddə istisna olmaqla, əlində olan hər şeylə dəstəkləməlidir. Həmçinin, NATO-nun edə biləcəyi ən yaxşı şey Moskvanı inandırmaqdır ki, hər hansı bir müttəfiqə istənilən hücum Rusiyanın qaçılmaz məğlubiyyətinə gətirib çıxaracaq. 
Tərcümə: Nizami Bağırov
Qaynarinfo