"NATO rəsmisinin Bakı da daxil regionumuza səfəri Moskvanın buradakı ölkələri ürkütməmək üçün Cənubi Qafqaza baxış bucağının loyallaşmasına, onun daha konstruktiv yanaşma sərgiləməsinə gətirib çıxara bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın aprelin 28-29-da Bakıya olacaq səfərini dəyərləndirərkən deyib:
"Qərbin Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı məsələlərə yanaşması maraqlıdır. Qərb Rusiyanın diqqətinin Ukraynaya yönəlməsindən istifadə edərək onun arxa bağçası saydığı regionlara müdaxilə etməyə çalışır. Bu xüsusda da Cənubi Qafqaz və Mərkəzi Asiyada möhkəmlənmək istəyir. Tiflis, Bakı və İrəvan uzun illərdir ki, NATO-nun tərəfdaşlıq proqramının üzvləridir. Bu gün də Azərbaycan Ordusu NATO standartları çərçivəsində qurulur. Bütün bunlara əsasən deyə bilərik ki, regionda NATO-nun fəaliyyəti uzun müddətdir ki, davam edir. Hazırda isə bu fəaliyyət daha da intensivləşir. Cənubi Qafqaz ölkələrinin NATO-ya üzvlüyündən danışmasaq da, qurum çərçivəsində onlarla əməkdaşlıqdan danışa bilərik”.
Həmsöhbətimizin fikrincə, NATO çalışır ki, Cənubi Qafqaz ölkələrini Rusiyanın təsirindən çıxarıb, öz tərəfinə çəksin:
"Hesab edirəm ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin bölgəmizə, o cümlədən Bakıya səfəri də bununla əlaqədardır. Bu mənada səfərin nə qədər uğurlu olacağını zaman göstərəcək. Azərbaycan balans siyasəti yürüdür. Bu mənada Bakının NATO ilə əməkdaşlığı da elə balans siyasəti kontekstində davam edəcək. NATO rəsmisinin regionumuza olacaq bu səfəri Moskvanın Cənubi Qafqaza baxış bucağının loyallaşmasına gətirib çıxara bilər”.
Rüfət Sultan