NATO sualtı qayıqlara qarşı mübarizə imkanlarını artırmaqda davam edir.
Qaynarinfo xəbər verir ki, "Business Insider” nəşrinin məlumatına görə, Almaniya ötən həftə özünün ilk dəniz patrul təyyarəsini - "Boeing P-8A Poseidon” modelini təhvil alıb. Bu, Berlinə çatdırılması planlaşdırılan səkkiz təyyarədən birincisidir; qalanları 2029-cu ilədək Almaniya Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək.
"Poseidon” ABŞ Hərbi Dəniz Qüvvələri üçün "Boeing” tərəfindən hazırlanmış yüksək texnologiyalı təyyarədir. O, sualtı qayıqları izləmək və məhv etmək qabiliyyətinə malikdir, torpedolar, dərinlik bombaları və gələcəkdə gəmiəleyhinə raketlərlə silahlandırılacaq.
Almaniyanın müdafiə naziri Boris Pistorius bu addımı Hərbi Dəniz Qüvvələri üçün ciddi yenilənmə adlandırıb: "Təyyarə müasir sensorlarla təchiz olunub, texniki xidməti sadələşdirilib və NATO tərəfdaşları ilə qarşılıqlı fəaliyyəti gücləndirəcək".
Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, "Poseidon”lar açıq dənizdə kəşfiyyat üçün yararlıdır, lakin əsasən sualtı qayıqların izlənməsi və zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Almaniya bununla artıq "Poseidon” təyyarələrindən istifadə edən ölkələr sırasına — ABŞ, Böyük Britaniya və Norveçin yanına — qoşulub. Kanada da eyni modelin alınması barədə qərar verib. Alman ekipajları gələcəkdə NATO-nun müttəfiq bazalarından, məsələn, Şotlandiyadakı Lossimut hərbi bazasından fəaliyyət göstərə biləcəklər. Onların missiyaları Rusiya sualtı qayıqlarının Şimal Atlantik, Baltik və Şimal dənizlərindəki fəaliyyətini nəzarətdə saxlamağa yönələcək.
ABŞ-ın Avropa və Afrika üzrə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Stüart Manş "Poseidon”ların NATO strategiyasının əsas elementi olduğunu bildirib: "Yeni gəmilər, təyyarələr və texnologiyalarla müttəfiqlərimizin imkanları getdikcə güclənir".
Xüsusilə "Yasen” sinifli, səssiz və izlənməsi çətin olan Rusiya sualtı qayıqlarının artan aktivliyi NATO-nun bu istiqamətdə addımlarını sürətləndirib. Keçən il bu tip qayıqlardan biri Kubanın yaxınlığında keçirilən təlimlərdə görünmüş və alyansda narahatlıq doğurmuşdu.
Ukraynada müharibənin başlamasından sonra NATO Avropanın sualtı infrastrukturuna — qaz kəmərləri və məlumat ötürmə xətləri kimi strateji obyektlərə qarşı təhdidlərin də artdığını qeyd edir. Buna görə alyans üzvləri sualtı monitorinq, kəşfiyyat və pilotsuz texnologiyaların inkişafını prioritet istiqamətə çevirib.
Aydın
Şərhlər