Hörmüz boğazının blokadada qalmasına baxmayaraq, neftin qiyməti artıq üç həftədən çoxdur ki, bir barel üçün 100 dollardan aşağı səviyyədə qalır. İyunun 12-də bu göstərici 84,88 dollar təşkil edib. Bununla belə, sənaye nümayəndələri hesab edirlər ki, ən çətin dövr hələ qarşıdadır və neftin qiyməti bir barel üçün 150-160 dollara qədər yüksələ bilər.
Hərbi əməliyyatlar dayandırılsa belə, dünya neft ehtiyatları sürətlə azalaraq kritik minimuma yaxınlaşır.
Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal” nəşri neft qiymətlərinin hələlik niyə rekord səviyyələrə çatmadığını izah edib.
Birinci amil dünyanın ən böyük idxalçısı olan Çindəki iqtisadi zəifləmədir. May ayında Pekin gündəlik 7,8 milyon barel neft idxal edib. Bu göstərici adi 11 milyon barellə müqayisədə xeyli aşağıdır və son səkkiz ilə yaxın müddətdə ən aşağı səviyyə hesab olunur.
Təxminən İtaliya və Fransanın ümumi gündəlik neft istehlakına bərabər olan 3 milyon barellik azalma qlobal tələbatın əhəmiyyətli hissəsini aradan qaldıraraq qiymətlərin yüksəlməsini məhdudlaşdırıb.
İkinci amil transponderləri söndürülmüş vəziyyətdə həyata keçirilən ayrı-ayrı tanker daşımalarıdır. "Kpler” şirkətinin məlumatına görə, may ayının əvvəlindən etibarən Hörmüz boğazı vasitəsilə dünya bazarlarına təxminən 100 milyon barel qeyri-İran mənşəli neft çatdırılıb. Bu isə gündəlik təxminən 2,5 milyon barel deməkdir.
Bu göstərici müharibədən əvvəl daşınan gündəlik 15 milyon barellə müqayisədə hələ də aşağıdır. Lakin aprel ayında bazara daxil olan gündəlik təxminən 1 milyon barel qeyri-İran nefti ilə müqayisədə ciddi irəliləyiş hesab edilir.
Mühüm amillərdən biri də qlobal enerji dayanıqlılığı olub. Hörmüz böhranı dünyanın müəyyən enerji ehtiyatlarına malik olduğu bir dövrdə başlayıb. Bundan əlavə, ölkələr artan qiymətlər şəraitində istehlakçıları dəstəkləmək üçün müxtəlif tədbirlər həyata keçiriblər.
İllər keçdikcə dünya daha enerjisəmərəli olur. Dünya Bankının məlumatına görə, 2000-ci ildən bəri inflyasiya nəzərə alınmaqla bir dollar ümumi daxili məhsul yaratmaq üçün tələb olunan enerji ABŞ və Avropada təxminən üçdəbir, Çində isə təxminən 40 faiz azalıb.
Dördüncü amil neft nəqlinin yeni marşrutlarıdır. Səudiyyə Ərəbistanındakı "Şərq-Qərb” neft kəməri və BƏƏ-dəki daha kiçik kəmər Fars körfəzi istehsalçılarına Hörmüz boğazından yan keçməyə imkan verir. Birlikdə onlar gündəlik təxminən 9 milyon barel neft nəql edir.
"WSJ” həmçinin "Tramp amili”ni də xüsusi qeyd edir. Münaqişə boyunca ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə tez-tez və aktiv paylaşımlar edib. Bu paylaşımlardan sonra neft qiymətləri müəyyən müddət ərzində aşağı düşə bilib.
Qeyd olunur ki, dekabr ayına qədər iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrin maye yanacaq ehtiyatları 2,3 milyard bareldən aşağı düşəcək. Bu isə 2003-cü ildən bəri aparılan müşahidələr dövründə ən aşağı göstərici olacaq. Əgər qlobal ehtiyatlar kifayət qədər azalarsa, qiymətlər sürətlə bir barel üçün 150-160 dollara yüksələ bilər.
Aydın
Şərhlər