Xəbər lenti

Neft savaşının yeni mərhələsi: Tramp Suriya hökuməti və SDF-ni bir masaya gətirir!
Dünya 13:23 14.11.2025

Neft savaşının yeni mərhələsi: Tramp Suriya hökuməti və SDF-ni bir masaya gətirir!

"Trampın Suriya məsələsinə birbaşa müdaxiləsinin əsas səbəblərindən biri Yaxın Şərqdə böyük neft-qaz sərvətlərinin olması ilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov Vaşinqtonun Suriya hökuməti, terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadı olan Suriya Demokratik Qüvvələri (SDF) və Kürd Muxtar Administrasiyasının nümayəndə heyətləri arasında planlaşdırılan görüşdən gözləntiləri şərh edərkən deyib.

"Qətər qazının Suriyadan keçərək, Türkiyə vasitəsilə Avropaya yönəldilməsi məsələsi də gündəmdədir. Həmçinin, Suriyaya yeni investisiya qoyuluşları nəzərdə tutulur", deyə Azər Hüseynov bildirib.

Ekspert qeyd edir ki, ABŞ habelə İsrailin təhlükəsizliyinin təmin edilməsi üçün də Suriyada müəyyən anlaşmaların olmasında maraqlıdır: 

"Habelə, görünür, Tramp adminstrasiyası Suriyanın mərkəzi hökumətilə işləməkdə maraqlıdır. Yəqin ki, Vaşinqton Suriyanın federallaşması, yaxud da federalizmə yaxın bir quruluşun qurulması istiqamətində fəaliyyət göstərəcək".



Lakin həmsöhbətimiz bu kimi addımların regionda, hətta Suriyanın özündə belə tam stabilliyə gətirib çıxaracağına əmin deyil: 

"Dünyanın aparıcı güclərinin Yaxın Şərq uğrunda bir-birilə maraq mübarizəsi apardıqları bir müddətdə regionda tam şəkildə stabillik mümkün olmayacaq. Yalnız Yaxın Şərq ölkələrinin özlərinin dövlət quruluşlarının möhkəmlənməsi, bir-birilə sıx regional əməkdaşlıq qurmaları, beynəlxalq güclərin maksimal dərəcədə bölgədən uzaq olması fonunda regionda tam sabitliyin təmin olunacağından danışmaq olar. Əks təqdirdə, düşünmürəm ki, Tramp regiondakı mövcud problemləri kökündən həll edə biləcək. Problemin köklü həlli heç Amerikanın, habelə digər beynəlxalq güclərin marağında da deyil. Çünki Yaxın Şərqə mütləq mənada təsir və təzyiq imkanları olmalıdır".

Qeyd edək ki, mətbuatın yazdığına görə, Tramp adminstrasiyası Suriya hökuməti, PKK-nın Suriya qanadı olan Suriya Demokratik Qüvvələri və Kürd Muxtar Administrasiyasının nümayəndə heyətləri arasında görüşə hazırlaşır.  Bu görüşün dəqiq vaxtı bilinməsə də, onun yaxın günlərdə Dəməşqdə keçirilməsi planlaşdırılır. 

Danışıqların ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin iştirakı ilə keçiriləcəyi bildirilir. Görüşdə 10 mart razılaşmasına əsasən kürd döyüşçülərinin Suriya ordusuna inteqrasiyası mexanizmləri, neft sektoru, dövlət qurumları, sərhəd keçid məntəqələrinin statusu və Qamışlı Beynəlxalq Hava Limanı ilə bağlı məsələlər müzakirə olunacaq. 

Mənbənin bildirdiyinə görə, Suriyanın keçid prezidenti Əhməd əl-Şəraa Ağ Evə səfərindən sonra Barrak "SDF lideri" Məzlum Əbdi ilə telefon danışığı aparıb və o, bu ilin sonuna qədər kürdlər və Dəməşq administrasiyası arasında razılaşmanın həyata keçirilməsini sürətləndirməyin və konkret addımlar atmağın vacibliyini vurğulayıb.

Xatırladaq ki, tərəflər arasında kürd hərbi dəstələrinin Suriya ordusuna və onların nəzarətində olan ərazilərin Dəməşqə inteqrasiyası istiqamətində martın 10-da əldə edilən razılaşma hələ də real müstəvidə öz həllini tapmayıb. Bu fonda hətta mərkəzi hökumətlə qarşı tərəf arasında bir müddət əvvəl müəyyən gərginlik də yaşanmışdı.
 
Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->