Xəbər lenti

Neftin qiyməti 50 dollardan aşağı düşə bilər - Narahatlıq artır
Dünya 16:04 07.06.2025

Neftin qiyməti 50 dollardan aşağı düşə bilər - Narahatlıq artır

Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Ummandan ibarət səkkiz OPEC+ üzvü ölkə 31 may tarixində qəbul etdikləri qərarla iyul ayında neft hasilatını əvvəlki ayla müqayisədə gündəlik 411 min barel artırmaq niyyətində olduqlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu təşkilata daxil olmayan bəzi hasilatçı ölkələrin yaratdığı OPEC+ qrupunun bu addımı fonunda, neft qiymətlərinin 50 dolların altına enə biləcəyi ehtimalı gündəmə gəlib. 

Qrupun bu qərarını qlobal iqtisadi mənzərənin sabitliyi və aşağı neft ehtiyatlarının sağlam bazar təməlini əks etdirməsi ilə əsaslandırdığı bildirilir. Lakin hazırkı qlobal neft tələbatına dair mövcud narahatlıqlar fonunda qəbul edilən bu qərar, bazarlarda təklifin tələbi üstələyəcəyi yönündə gözləntiləri gücləndirib.

OPEC-in aprel ayına dair neft bazarı hesabatında bu ilə aid qlobal neft tələbatı artımı proqnozu aşağı istiqamətdə yenilənmişdi. Hesabata əsasən, cari ildə ötən illə müqayisədə gündəlik təxminən 1,3 milyon barel artım gözlənilir və bununla ümumi tələbatın 105 milyon barel səviyyəsinə çatacağı proqnozlaşdırılır. Əvvəlki proqnoz 105 milyon 50 min barel idi.

Beynəlxalq məlumat şirkəti "Primary Vision Network"ün enerji və iqtisadiyyat analitiki Osama Rizvi isə bazarda təklif-tələb balanssızlığına diqqət çəkərək bildirib: 

"OPEC+ ölkələrinin əlavə hasilat qərarı bazar üçün çətin başa düşülən addımdır. Neftin qiyməti tezliklə yenidən 50 dolların altına enə bilər. Əgər Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunarsa və aşağı tələbat mühiti davam edərsə, bu artım qiymətləri 40 dollar civarına qədər çəkə bilər".

Vyana Enerji Araşdırmaları İnstitutunun rəhbəri Fereydoun Barkeşli isə aşağı neft qiymətlərinin ABŞ-da fəaliyyət göstərən şist nefti istehsalçıları üçün risk yaratdığını vurğulayıb: 

"Hətta iri şirkətlər belə uzun müddət ərzində barelə görə 50–60 dollar səviyyəsindəki qiymətlərlə fəaliyyətlərini davam etdirə bilməz. Onsuz da ABŞ-da fəaliyyət göstərən qazma qurğularının sayında azalma olduğunu göstərən məlumatlar mövcuddur".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->