Dünya bazarında neftin qiyməti Hörmüz boğazı ilə enerji daşıyıcılarının nəqlinin dayanacağı ilə bağlı narahatlıqlar və ABŞ-la İran arasında hərbi gərginliyin yenidən artması fonunda kəskin yüksəlib.
Qaynarinfo-nun "Reuters" agentliyinə istinadən məlumatına görə, iyulun 13-də Brent markalı neftin sentyabr fyuçersləri Bakı vaxtı ilə saat 05:25-ə olan məlumata əsasən 3,10 dollar və ya 4,08% bahalaşaraq bir barel üçün 79,11 dollara çatıb. ABŞ-ın WTI markalı yüngül nefti isə 2,95 dollar və ya 4,11% artaraq 74,36 dollar olub.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-də Amerika qüvvələrinin İrana növbəti hava zərbələri endirdiyini açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə buna cavab olaraq Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp iyulun 12-də Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıq qaldığını bəyan edib. Buna baxmayaraq, İran daha əvvəl razılaşdırılmamış marşrutla hərəkət edən bir gəminin vurulmasından sonra boğazın bağlandığını elan etmişdi.
Gəmilərin hərəkətini izləyən Kpler xidmətinin məlumatına əsasən, iyulun 12-də Hörmüz boğazından cəmi altı gəmi keçib ki, bu da son beş həftənin ən aşağı göstəricisidir. Müharibə başlamazdan əvvəl isə dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20%-i bu boğazdan daşınırdı.
"IG" şirkətinin bazar analitiki Toni Saykamor bildirib ki, neft qiymətlərindəki artımın nisbətən məhdud qalması bazarın mövcud vəziyyəti atəşkəsin tamamilə pozulması deyil, onsuz da kövrək olan razılaşmanın növbəti gərginləşməsi kimi qiymətləndirdiyini göstərir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranla ötən ay əldə edilmiş atəşkəsin artıq başa çatdığını bəyan etmişdi.
Günay
Şərhlər