Xəbər lenti

Nemtsovun «qatilindən» şok etiraflar
Dünya12:08 11.03.2015

Nemtsovun «qatilindən» şok etiraflar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

«Məni öldürəcəklərindən qorxduğum üçün cinayəti boynuma götürdüm»

«Döyüb işgəncə verirdilər, hər dəqiqə qışqırırdılar ki, Nemtsovu sən öldürmüsən...»

Boris Nemtsovun qətli ilə bağlı əsas şübhəlilərdən olan və bir neçə gün əvvəl cinayəti törətdiyini etiraf edən Çeçenistandakı «Şimal» batalyonunun komandir köməkçisi Zaur Dadayevdən nəhayət ki, gözlənilən açıqlama gəldi. Dadayev yenə etiraf etdi, amma bu dəfə tam fərqli səpkidə.

Həbsxanada ona baş çəkən İctimai Nəzarət Komissiyanın üzvləri ilə görüşən Dadayev ifadəsini təzyiq altında verdiyini və günahsız olduğunu bildirib. Dediyinə görə, Nemtsovun qətlini öldürüləcəyindən qorxduğu üçün boynuna götürüb. İş üzrə saxlanılan digər şübhəlilər – Qubaşev qardaşları kimi, o da zorakılığa və işgəncələrə məruz qaldığını deyib: «Hər dəqiqə qışqırırdılar – Nemtsovu sən öldürmüsən. Mən cavab verirdim ki, yox. Düşündüm ki, Moskvaya gətirəcəklər və mən məhkəmədə həqiqəti, günahsız olduğumu deyəcəm. Amma hakim mənə söz də vermədi».

Dadayevin sözlərinə görə, o və Qubaşev qardaşları həm saxlanılarkən, həm də Mokvaya gətirilərkən işgəncələrə məruz qalıb: «Saxlanılma zamanı mən tanışımla – əvvəllər mənim tabeliyimdə olan Ruslan Yusupovla bir yerdə idim. Dedilər ki, mən etiraf etsəm, onu buraxacaqlar. Fikirləşdim ki, həm onu xilas edərəm, həm də məni Moskvaya sağ apararlar. Əks halda, məni də Şavanovun aqibəti gözləyə bilərdi. Axı onun guya qumbara partlamasından öldüyünü deyirlər(Rəsmi məlumatlara görə, Dadayevin «Şimal» batalyonunda xidmət keçmiş Beslan Şavanov martın 7-də Qroznıdakı mənzilində ələ keçməmək üçün qumbara ilə özünü partladıb-red:)”.

Göründüyü kimi, Boris Nemtsovun işi eynilə avtoritar, sifarişli qətllər həyata keçirən rejimlərə xas şəkildə «araşdırılır». Saxlanılanlar, eləcə də hadisənin şahidləri ilə bağlı hələ ilk günlərdən ziddiyyətlər və şübhələr var idi. Hadisə zamanı Nemtsovun beş addımlığında olan qartəmizləyən maşının sürücüsünün ətrafda qeyri-adi heç nə görmədiyi ilə bağlı ifadəsi, Nemtsov və Anna Duritskayaya həmin sürücüdən daha uzaq məsafədə olan gənc şahidin isə qətli və qatili gördüyünü deməsi, cinayət yerinin tələm-tələsik şəkildə su şlanqı ilə yuyulması, İslam izinin qətldə əsas versiya kimi göstərilməsi – bütün bu və bu kimi məqamlar işin içindəki qaranlıq məqamlardan xəbər verirdi.

İstintaqın qatillərin tapılması istiqamətindəki operativ «fəaliyyətini» ifşa edənlərdən biri də «Moskovskiy komsomolets» oldu. Bəlli idi ki, Rusiya hüquq-mühafizə orqanları, eləcə də hökumət bu qətli Parisdəki «Charlie Hebdo» satirik jurnalının redaksiyasında baş verən məlum olayla əlaqələndirməyə çalışırdı. «Moskovskiy komsomolets» isə məlumat yaydı ki, bu şəxslər Nemtsovu hələ «Charlie Hebdo»da baş verən hadisədən əvvəl izləməyə başlayıblar. Şübhəlilər qətl zamanı istifadə etdikləri avtomobildən ötən ilin sentyabrından istifadə ediblər. Və az sonra bu avtomobilin görüntüsü Nemtsovun evinin yaxınlığındakı müşahidə kameralarına düşüb. Deməli, bu versiya da təsdiqini tapmır və Rusiya tərəfinin cinayəti məqsədli şəkildə ört-basdır etdiyini ortaya qoyur.

Qaynar.info