Dünya 14:57 05.12.2023

Nepal Rusiyadan vətəndaşlarını orduya cəlb etməməyi tələb etdi

Rusiya ordusunda xidmət edən 6 nepallı əsgərin öldürüldüyü məlum olduqdan sonra Katmandu Moskvadan öz vətəndaşlarını orduya cəlb etməməyi və bütün vətəndaşlarını dərhal geri qaytarmağı tələb edib.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.

Qurkhas adlanan Nepal əsgərləri üç ölkə arasında bağlanmış müqavilə əsasında 1947-ci ildən bəri Britaniya və Hindistan ordularında xidmət edir.

Çin və Hindistan arasında yerləşən kiçik Himalay ölkəsinin 2022-ci ilin fevralında Ukraynanı işğal edən və o vaxtdan bəri müharibə vəziyyətində olan Rusiya ilə belə bir razılaşması yoxdur.

Nepal hökuməti verdiyi açıqlamada heç bir təfərrüat təqdim etmədən Rusiya ordusunda xidmət etmiş 6 vətəndaşının öldürüldüyünü bildirib. 

"Nepal hökuməti Rusiya hökumətindən onların cəsədlərini dərhal qaytarmağı və ailələrinə dəymiş ziyanı ödəməyi xahiş edib", deyə Xarici İşlər Nazirliyi bildirib.

Bəyanatda həmçinin bildirilir ki, Rusiya ordusunda xidmət edən və Ukraynada əsir götürülən bir Nepal vətəndaşının azad edilməsi üçün diplomatik səylər davam etdirilir. Nepal həmçinin öz vətəndaşlarını müharibə aparan heç bir ölkənin ordusuna qoşulmamağa çağırıb.

İngilisdilli "The Kathmandu Post” qəzeti Nepalın Moskvadakı səfiri Milan Rac Tuladhara istinadən yazıb ki, 150-200 nepallı Rusiya ordusunda muzdlu kimi xidmət edir. 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən il Rusiya ordusunda xidmətə gedən əcnəbilərə sürətli əsaslarla vətəndaşlıq almağa icazə verən fərman imzalayıb.

Sentyabrda Kuba bildirib ki, səlahiyyətlilər həm Kuba ərazisində, həm də Rusiyada fəaliyyət göstərən şəbəkəni zərərsizləşdirməyə çalışırlar.
Kuba hakimiyyəti Ukrayna ilə müharibədə gənc kubalıları Rusiya ordusunda xidmət etməyə sövq edən 17 nəfəri həbs edib. Onları ölüm cəzası gözləyir.

Nizami Bağırov