
Bu yaxınlarda dünyaca məşhur britaniya qəzeti «The Independent» müsəlmanlarla bağlı ölkədə keçirilmiş sorğunun nəticələrindən bəhs edən məqalə dərc edib. Həmin nəticələrə görə, ölkədə yaşayan hər dördüncü britaniyalı «müsəlmanlara etibar etmir».
ANN.Az həmin məqaləni oxucuların diqqətinə təqdim edib:
"18 yaşından 24 yaşınadək olan britaniyalıların dörddə biri müsəlmanlara etibar etmir. BBC-nin apardığı sorğunun nəticələri belə deməyə əsas verir"
«Radio 1 Newsbeat» radiosunun keçirdiyi sorğuda iştirak etmiş 1000 nəfərdən 28 faizi belə güman edir ki, əgər ölkədə müsəlmanların sayı azalsa, onda Böyük Britaniya daha yaxşı dövlət olacaq, amma sorğuda iştirak edənlərin 60 faizi belə düşünür ki, britaniya ictimaiyyətində müsəlmanların mənfi obrazı yaradılıb.
«Comres»in keçirdiyi sorğu göstərir ki, iştirak edənlərdən yalnız 29 faizi belə hesab edir ki, müsəlmanlar öz icmalarında ekstremizmlə mübarizə üçün əllərindən gələni edirlər və üçdə biri immiqrasiyanın Britaniyaya xeyir verəcəyi fikri ilə razı deyillər.
Sorğuda iştirak edənlərdən 40 faizi bildirdi ki, müsəlmanlar cəmiyyətin baş üzvlərinin qəbul etdiyi dəyərləri bölüşmürlər.
Bununla belə, 48 faizi İslam dininin sülh dini olması ilə razıdırlar.
Paytaxt polisinin təqdim etdiyi statistika göstərir ki, müsəlmanlara qarşı törədilmiş cinayətlərin səviyyəsi son bir ildə Londonda 61 faiz yüksəlib. Böyük Britaniyanın müsəlman icması da həmçinin qeyd edib ki, Li Riqbinin ölümündən sonra, "zorakılıq görünməmiş dərəcədə artıb”. 22 may 2013-cü ildə Cənubi Londonun Vilidj rayonunda günün günorta çağı Kral atıcılıq alayının 2-ci batalyonunun təbilçisi Li Riqmi qətlə yetirilmişdir. Onu maşın vurmuşdu, bundan sonra maşında əyləmiş iki kişi, yaralı əsgəri yola çıxarmış və onu bıçaqla, baltayla və maçete ilə doğramışdılar.
Antimüsəlman nifrətiylə mübarizə məsələləri üzrə məsləhətçi Akila Əhməd dedi ki, yaranmış vəziyyətdən çıxmaq üçün gənclər arasında inteqrasiyanın olması vacibdir. "Bu cür nəticələr göstərir ki, biz gənclər arasında yaxınlaşma siyasətini keçirməliyik. Hal-hazırda gənclərin müsəlmanlarla, avropalıların islam mədəniyyəti ilə tanışlığına imkan yaradacaq layihələrin üzərində iş gedir”, - o, dedi.
Ekstremizm və terrorizm sahəsində tədqiqatların analiziylə məşğul olan "Extremis" layihəsinin üzvü professor Metyu Qudvin bildirir ki, onlar və onun akademik həmkarlarının keçirdiyi sorğunun nəticələri göstərir ki, Böyük Britaniya əhalisinin böyük bir hissəsi islama neqativ münasibət bəsləyir, eynilə Britaniya müsəlman icmalarına da eyni cür münasibət sərgilənir.
Hazırda hökümət islamafobiya zəminində baş vermiş cinayətlərin qeydiyyatı və zorakılıq qurbanlarına dəstək göstərilməsi üzrə xidmət göstərilməsini maliyyələşdirir.
İcmalarla iş üzrə departament və yerli hakimiyyət nümayəndəsi "Newsbeat"ə bildirib ki, hökumətin bu məsələ ilə bağlı nöqteyi-nəzəri "birmənalı” olaraq qalır. "Britaniya nə anti-müsəlmanlara nifrət üçün, nə də nifrətin istənilən başqa növü üçün yerdir. Biz ölkəmiz üçün qəbuledilməz olan bu problemin həllinə çalışırıq”.
Tərcümə: Ramil Rahiboğlu
ANN.Az