Hüseynbala Səlimov
Ötən həftə tanınmış tele-radio jurnalisti İqor Kirillov dünyasını dəyişdi.
Sovet dövrünü görmüş insanlara onu təqdim etməyə xüsusi ehtiyac yoxdur. O vaxt hər axşam insanlar "Zaman” verilişinə baxmamış yatmazdılar. Ona görə yox ki, onlar hər gün Kirillovu görmək istəyirdilər, yox, sadəcə "Zaman” SSRİ-nin əsas informasiya verilişi idi.
İnsanlar ona baxandan və əmin olandan sonra ki, onların nəhəng ölkəsində hər şey qaydasındadır, başlarını yastığa qoyub şirin yuxuya gedir və rahat yatırdılar.
O ki qaldı İqor Kirillova, bəli, o, "Zaman” verilişini bir qoca qadınla aparırdı. O vaxt başda qocalar idi, elə ölkəni də çarəsiz qocalar idarə edirdilər. Həyatının son illərində Leonid Brejnev zorla hərəkət edirdi. Belə bir misal var ki, balıq başından iylənər. Odur ki, ölkənin başı necə olursa, ayaqları da dərhal ona uyğun qurulur.
Ona görə də deyə bilmərəm ki, mənim Kirillova xüsusi simpatiyam vardı. Amma yenidənqurma illərində və daha sonra o, yenə də televiziyada qaldı, müxtəlif verilişlər apardı və məlum oldu ki, ölkənin gənc jurnalistlərinin ona simpatiyası var, çoxu hətta onu özlərinin ən sevimli müəllimlərindən biri hesab edirdilər.
Amma belə bir deyim var: keçmişin gölgəsi. Əlbəttə ki, hər şey etibarlı keçmişə söykənəndə daha dayanıqlı olur.
Amma bəzən bu gün və gələcək keçmişim kölgəsindən çıxa bilmir. Bax, onda inkişaf deyilən məsələ alınmır.
Bizim televiziya sovet dövründə yaranmışdı. Ona gör də nə qədər çalışsaq da, o dövrün televiziyasının üstündən xətt çəkə bilmərik. Ən azı ona görə ki, hər peşənin həm də texniki tərəfi olur və o, siyasi rejimdən– filandan asılı olmur. Telejurnalistika da belədir. Amma inkişaf üçün yeni olan şey köhnənin kölgəsindən çıxmağı bacarmalıdır. Fəqət biz öz təcrübəmizdə gördük ki, bu, elə də asan məsələ deyil, keçmiş öz mövqelərini elə də asanlıqla vermir. Belə olmasaydı, şairlərimiz "Biz ki, günəş ölkəsiyik, bu kölgə öldürdü bizi” – deyə yazmazdılar...
Dedik ki, gənc telejurnalistlər Kirillovu sevirdilər. Hətta yenidənqurmanın ilk qaranquşu olan "Vzqlyad” verilişinin aparıcıları da ona ehtiramla yanaşır və verilişlərinə cəlb edirdilər. Amma bütövlükdə götürəndə, sovet jurnalistikası ideoloji dövlətin ruporu idi. Məsələn, sonraki illərdə beynəlxalq mövzulardakı verilişlərin əsas aparıcılarından biri olan Valentin Zorin jurnalistlik fəaliyyətinə görə xalqdan üzr də istəmişdi.
Kirillov üzr-filan istəməmişdi. Birincisi, ona görə ki, o, daha çox diktorluq fəaliyyətilə məşğul idi. İkincisi, insanların hamısı rejimlərlə kəllə-kəlləyə gəlmək iqtidarında olmasalar da, ən azı vicdanlı adam və obyektiv jurnalist adını qoruyub saxlamağa can atırdılar. Burada daha iki misal çəkmək istərdim. İki jurnalist vardı: Ovçinnikov və Dunayev. Bu adamlardan biri Yaponiyada çalışır və yazırdı, digərisə ABŞ-da fəaliyyət göstərirdi. Amma hər ikisi maraqla izlənirdi, çünki onlar ən azı yalan danışmamağa çalışırdılar...
Bu il əslində post-sovet ölkələri müstəqilliklərinin otuz illiyini geniş qeyd etməli idilər. Amma belə olmadı. Elə Azərbaycanda da geniş bir byaram ovqatı duyulmadı. Əksinə "Milli dirçəliş” gününün adı dəyişib "Müstəqillyin bərpası günü” oldu. Ve bələ bir şərh verildi ki, bu günü xüsusi, qeyri-iş günü kimi qeyd etməyə ehtiyac yoxdur, çünki Sovetlər dağılmış və sovet respublikaları spontan şəkildə müstəqil olmuşdular.
Olsun. Etirazımız yoxdur. Bircə onu qeyd etmək istərdik ki, belə hallar keçmişlə bu günü və gələcəyi uzlaşdırmağa başlayanda baş verir və biz heç də bütün hallarda keçmişin gölgəsindən asan çıxa bilmirik. Nəticədə də kölgələr hətta günorta da çəkilmir...