Hüseynbala Səlimov
"Bütün bəşəriyyətin, yəni ki, yaşı minilliklərlə ölçülən Yer sivilizasiyasının tarixi enerjinin alınması üsullarının təkamülünün tarixidir, müasir qlobal siyasət isə planetin əsas enerji resurslarını nəzarətə götürmək uğrunda bir savaş, mübarizədir” – düşünürük ki, bu fikirlə nəinki enerji təhlükəsizliyi üzrə, hətta beynəlxalq siyasət üzrə mütəxəssislər də razılaşar, hələ bizim cəlbedici və çoxcəhətli adi siyasi elmlərimizin ən adi təmsilçilərini demirik.
Bəs bu çətin, mənəvi cəhətdən son dərəcə ağır günlərdə nədən bu sözləri xatırladıq? Məsələ bundadır ki, insanların diqqəti tamamilə Tovuz istiqamətinə yönəlibdir, təkcə gənclər yox, hətta nisbətən yaşlı insanlar da orduya könüllü kimi yazılır və hamı silah götürüb düşmənə qarşı vuruşmağa çağırır.
Bizim çoxsaylı politoloqlara və siyasi analitiklərə gəldikdə, onlar da sərhəddəki hərbi toqquşmanın detallarını aydınlaşdırmağa çalışırlar, ona görə ki, düşmənin niyyət və planlarını aydınlaşdırmadan hərəkət etmək, işləmək, ən əsası da preventiv tədbirlər görmək qeyri-mümkün məsələdi.
Həqiqətən də niyə Tovuz və niyə sərhədin bu istiqaməti? Məsələ bundadır ki, bu istiqamət ölkəmizin Qərb qapılarıdır. Üstəlik, bizim əsas enerji arteriyalarımız, o cümlədən də qaz xətlərimiz bu səmtdə cəmləşib. Odur ki, təəccüblü deyil, bəzi əcnəbi, xüsusən də yaxın xaricdən olan bir sıra mütəxəssislər hesab edir ki, burada illərdir dünyada davam edən "qaz savaşı”nın izləri duyulur.
Amma bu proses təkcə haqqında çox oxuduğumuz və eşitdiyimiz "qaz savaşı”nın tələblərilə məhdudlaşmır.
Burada güman ki, başqa məqsədlər də var və bu, Azərbaycanı enerji gəlirlərindən məhrum etmək, onun dünya qaz bazarına nüfuz etməsinin qarşısını almaqdır.
Üstəlik, burada "maraqlı tərəflər” çoxdur, demək olar ki, neft və qaz ixrac edən hər bir ölkə, hətta bəzən ehtiyatlarının həcmlərini unudaraq, bütün bazara hakim olmaq istəyir.
Ən cəlbedici bazar isə, əlbəttə, Avropadır ki, burada da Rusiya dominantlıq edir. Odur ki, bəzi analitiklər "Azərbaycanla Ermənistanın sərhədində nələr baş verir?” soruşarkən özlərinə elə də əziyyət vermir və "Əlbəttə ki, Rusiya!” deyə cavab verirlər.
Sözsüz ki, biz belə birmənalı, "düzxətli məntiq”in tərəfdarı deyilik, çünki bu cür iddialar üçün çox ciddi arqumentlər lazımdır. Amma məsələ bundadır ki, Rusiya Avropa bazarına qaz ixrac edən, Azərbaycanın Avropa Birliyilə saziş imzalamasını istəməyən, çoxdandır ki, Bakını özünün geoiqtisadi layihəsində - Avrasiya Birliyində görmək istəyən bir ölkə kimi bu rola çox uyğun gəlir.
Bununla belə, nəticələrlə tələsməzdik. Ən azı ona görə ki, hələ ki nə Moskva, nə də onun KTMT–si növbəti Ermənistan-Azərbaycan qarşıdurmasına qarışmaq istəmir. Amma burada da təəccüblü bir şey yoxdur. Azərbaycanla Ermənistan arasında qanlı qarşıdurmalar çox olub, amma KTMT buna qarışmayıb, həmişə gözləmə mövqeyi tutub. Bu dəfə də belə oldu. Amma bu günlərdə deyildi ki, Rusiya böyük təlimlərə start verib və güman ki, bu, Azərbaycandan və Türkiyədən gələn sərt bəyanat və çağırışlarla bağlıdır.
Siyasəti adamlar formalaşdırır. Əgər KTMT–nin sükutuna bu prizmadan yanaşsaq belə, bir faktı xatırlamaq lazımdır ki, adı çəkilən bu təşkilatın nüvəsini türk respublikaları təşkil edir, hansılar ki, Bakı ilə Türk Ölkələri Şurasında əməkdaşlıq edir. Üstəlik, hətta slavyan ölkəsi olan Belarus belə müsəlman Azərbaycanı ilə əməkdaşlığa daha meyllidi, nəinki Ermənistanla. Həm də bu ölkənin prezidenti A.Lukaşenkonu bizim prezidentimizlə sıx dostluq əlaqələri bağlayır. Hətta KTMT-yə indi rəhbərlik edən belaruslu general Stanislav Zas daha çox Bakı ilə bağlıdır, nəinki İrəvanla.
Birincisi, ona görə ki, o, Bakı Ali Hərbi Məktəbinin məzunudur. İkincisi, bu adam çox yəqin ki, N.Paşinyanın bir-iki il bundan əvvəl KTMT-nin Baş Katibi postuna təkrar öz ermənisini təyin etmək üçün çıxardığı fokusları yaxşıca xatırlayır və güman ki, bu fokuslar bu günlə bağlı imiş: Tovuz hadisələri kimi olaylar zamanı KTMT-ni də prosesə cəlb etmək...
Fəqət, ehtimal edirik ki, bu cəhdlər əbəsdir. Unutmaq lazım deyil ki, Rusiyanın da liderini bizim prezidentlə çox möhkəm dostluq əlaqləri bağlayır. Üstəlik, Rusiya heç vaxt Azərbaycanı tamam itirmək istəməz.
Bu səbəbdən düşünürük ki, Ermənistanın yaratmaq istədiyi yeni "münaqişə ocağı” söndürüləcək. Əsas problem bunda deyil, ondadır ki, ermənilər oxşar təxribatları sərhədlərimizin başqa hissəsində də törədə bilər və güman ki, siyasətçilərimiz, diplomatlarımız hazırda bu məsələ üzərində işləyir ki, düşmənin oxşar fokuslarına birdəfəlik son qoyulsun...