Xəbər lenti

NKVD zirzəmisində güllələndi, “qanundankənar” nəticəsi “Avroviziya” qalibi oldu
Dünya09:22 16.11.2021

NKVD zirzəmisində güllələndi, “qanundankənar” nəticəsi “Avroviziya” qalibi oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan səhnəsinin ən görkəmli nümayəndələrindən biri Abbas Mirzə Şərifzadənin NKVD zirzəmisində güllələnməsinin ildönümüdür. 
Abbas Mirzə 1893-cü ildə Şamaxıda anadan olub, 1902-ci il zəlzələsindən sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 
O, ilk dəfə səhnəyə 1908-ci ildə çıxıb və Molyerin "Yalançı xəstə” (və ya "Xəstəlik xəstəsi” yaxud "Zorən təbib”) əsərində lal qızı oynayıb. Bundan sonra 30 ilə yaxın davam edən aktyorluq karyerasında eyni adlı əsərlərdə Hamlet, Otello, Maqbet, Nadir şah, İblis, Aydın, Knyaz, Şeyx Sənan, Səyavuş, Qaçaq Kərəm, Şeyda, Ağa Məhəmməd şah Qacar, eləcə də Karl Moor (Qaçaqlar), Balaş (Sevil), Elxan (Od gəlini), Oqtay (Oqtay Eloğlu), Fəxrəddin (Müsibəti-Fəxrəddin), Nəcəf bəy (Dağılan tifaq), Qurban (Pəri cadu), İslam bəy (Vətən, yoxsa Silistre) və başqa rolları oynayıb.
O, həm də ilk azərbaycanlı kino rejissorlarındandır. "Bismillah", "Hacı Qara", "Gilan Qızı", "Məhəbbət oyunu" filmlərinin quruluşçu rejissoru olub.
Abbas Mirzə Şərifzadə 1928-ci ildə təsis edilən "Azərbaycan SSR əməkdar artisti” adını alan ilk aktyordur. 1936-cı ildə isə Azərbaycan SSR xalq artisti adını qazanıb.
Görkəmli aktyor 1937-ci il dekabrın 4-də həbs olunub. İlk ifadələrində hər hansı günahının olduğunu inkar edib. Amma işgəncələrdən sonra İran kəşfiyyatına işlədiyini "etiraf” edib. Nəticədə 1938-ci il noyabrın 16-da güllələnib. Onun dəfn edildiyi yer və ümumiyyətlə, dəfn edilib-edilməməsi məlum deyil. 
Absas Mirzə Şərifzadə evli olduğu halda aktrisa Mərziyə Davudova ilə adyulter yaşayıb və bu əlaqədən gələcək Azərbaycan SSR-in xalq artisti Firəngiz Şərifova dünyaya gəlib. "Eurovision-2011” müsabiqəsində Nigar Camal ilə birlikdə qalib gələn Eldar Qasımov Abbas Mirzə Şərifzadənin nəticəsi, Firəngiz Şərifovanın isə nəvəsidir.
Yadigar Sadıqlı