Xəbər lenti

Dünya 13:43 17.07.2025

"Növbəti seçkilərdə Melaniya Tramp namizəd ola bilər" - Ekspert

"Görünür, Tramp özünün və həyat yoldaşının humanist insan olduğunu nümayiş etdirmək istəyir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı ABŞ prezidenti Donald Trampın son günlər həyat yoldaşı Melaniya Trampla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

"Donald Trampın son günlər həyat yoldaşı barədə verdiyi açıqlamalar indilikdə heç də onu hansısa bir vəzifəyə gətirməyə hesablanmış addım deyil. Sadəcə olaraq, birinci xanımlar həmişə prezidentlərin yanında olub və onlar adətən humanitar aksiyalarda iştirak edirlər. Bəlkə də evdə xanımı Melaniya Tramp tərəfindən təzyiqə məruz qalıb, ona görə də belə danışır", deyə Elçin Şıxlı bildirib.
 


Həmsöhbətimiz bu əsasda növbəti prezident seçkilərində Melaniya Trampın namizədliyinin veriləcəyi versiyasını da istisna etməyib: 

"Əslində yəqin ki, xanımını da irəli çəkmək istəyir. Kim bilir bəlkə də növbəti prezident seçkilərində onu da hər hansı bir şəkildə prosesə qatmaq istəyəcək".

Elçin Şıxlı Trampın həyat yoldaşı barəsində etdiyi jestinin Amerika cəmiyyətində geniş rezonans doğuracağına isə inanmır:

"Yəqin ki, müəyyən qism insanlar arasında rezonans doğuracaq. Amma amerikalıların əksəriyyəti ölkə daxili məsələlərə önəm verir. Onların prezidentin Donald Tramp və yaxud Melaniya Tramp olması heç veclərinə də deyil. Nyu-Yorkda yaşayanlar adətən "Nyu-York Times"ı oxuyur. Vaşinqtonda yaşayanlar isə "Washington Post"u. Yalnız bizlər dünyanın hər yerində baş verən hadisələrlə maraqlanırıq"

Qeyd edək ki, son günlər ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla bağlı açıqlamaları ilə gündəmə gəlir. Tramp bildirib ki, həyat yoldaşı Ukraynada axan qanı dayandırmaq istəyir. 

"Melaniya çox ağıllı, neytral insandır. Mənim kimi o da sadəcə insanların ölməsinin dayandırmasını istəyir", deyə Tramp Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərlə söhbəti zamanı bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->