Sənət 17:39 20.09.2022

Nüsrət Kəsəmənlinin nəvəsi, qazi Cavidanla teatır direktorunun nə problemi var? (FOTO)

Cavidan Kəsəmənli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. Ali təhsili bitirdikdən sonra isə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətə yollandıqdan üç ay sonra Vətən müharibəsi başlayıb. O, müharibəyə qatılıb, artilleriyada xidmət edib. Cəbrayıl və Zəngilanın alınması uğrunda gedən döyüşlərdə Cavidan da iştirak edib. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərə görə medalla təltif olunub.

Qazi işlə təmin olunmaq üçün Gənc Tamaşçılar Teatırının direktoru Naidə İsmayılzadəyə müraciət edib. Amma direktor Naidə xanım Cavidan Kəsəmənlini işə götürməkdən imtina edib.

Cavidan Kəsəmənli Qaynarinfo-ya müsahibəsində işlə təmin olunmamasının arxasında şəxsi maraqların olduğunu deyib.

- Gənc Tamaşaçılar Teatrının mənə olan münasibəti ilə bağlı məlumat mətbuatda və sosial şəbəkədə geniş müzakirəyə səbəb oldu. Məsələnin baxılmaması çox tənqid olundu. Jurnalistlərdən biri teatrın direktoru Naidə İsmayılzadə ilə əlaqə saxlayıb. Hiss olunur ki, Naidə xanım məcburiyyətdən cavab verib. Niyə belə qənaətdəyəm? Çünki ona verilən sualara konkret cavab verməyib.
 
Ona sual verilib ki, Cavidan niyə işlə təmin edilməyib? Naidə xanım deyir ki, Cavidan teatra müraciət edəndə teatrın ştat cədvəlinndə boş yer olmadığından biz onu işlə təmin edə bilmədik. Amma yer olan kimi onu dəvət edəcəydik. Bu vəd mənə verilib. Mən bunu inkar etmirəm, amma Naidə xanım bunu deməklə məni yola verib. Bunu açıqca deyirəm, çünki mən teatrdan bu cavabı alandan sonra Naidə xanım bir neçə nəfəri işə götürüb. Özü də bunun üstündən qısa zaman keçib. Hansı ki, onlar yaşca məndən fərqlənməyən, yaşıdım sayıla biləcək şəxsləri teatra işə götürüb. Onu da açıqlamışam ki, işə qəbulumla bağlı mənə üstünlüklər verilməlidir. Çünki həmin o yoldaşlar, teatr rəhbərliyi yerində rahat yatanda mən 44 gün torpaqda yatmışam. Yəni, bu qiymətləndirilməli deyil? Təhsilimi bir kənara qoyuram, ən azından mənim əziyyətimi qiymətləndirmək lazımdır. Naidə xanımın mənimlə nə düşmənçiliyi var? Mən bunu bilmirəm. Əgər siz vətənə qiymət verən insansınızsa, bunu, mənim əməyimi dəyərləndirməliydiniz. Mənə şans verməliydiniz. Hətta mən onlara dedim ki, bir müddət pulsuz da çalışa bilərəm, mənə şans verin, özümü doğruldum. Naidə xanım məni saymadı, buna belə razı olmadı. Üstündən 9 ay keçib. Gördüm ki, məni sayan yoxdur, Mədəniyyət Nazirliyi ilə yanaşı bir neçə quruma şikayət məktubu ünvanladım. Dedim ki, məni işlə təmin edin. Ən azından dəstək olsunlar. Amma Mədəniyyət Nazirliyindən bununla bağlı bir dənə də olsun mənə cavab verən olmadı. Bunun sübutları da var, lazım olsa, sosial şəbəkədə paylaşacam.
 
- Gənc Tamaşaçılar Teatrının rəhbərliyi sizi işə götürməməsi ilə bağlı məsələ ictimailəşəndən sonra Mədəniyyət Nazirliyindən məsələ ilə maraqlandılar. Bununla bağlı nazirlikdən sizə zəng olunub, quruma dəvət edən olub?
 
- Gözləyirəm, mövzu dünən açılıb. Mədəniyyət Nazirliyindən müsbət cavab gözləyirəm. 

- Gənc Tamaşaçılar Teatrının sizi işə götürməməsinin səbəbi nə ola bilər?

- Məni işə götürməmələrinin ancaq bir səbəbi ola bilər, görünür, bu insanın nədəsə şəxsi maraqları var. Bunu mən bilmirəm. Yəqin ki, bunu heç özü də açıqlamayacaq. Çünki heç kəs öz işindən olmaq istəməz. Amma bunun şəxsi maraqdan başqa heç bir açıqlaması yoxdur. Mədəniyyət Nazirliyinə gəlincə, yəqin ki, onlara bu məlumat çatmış olar. Qısa zamanda  Mədəniyyət Nazirliyindən cavab gözləyirm.

Bahar Rüstəmli