Moskvada Kremlə pilotsuz təyyarə hücumunu Ukraynanın xüsusi hərbi və ya kəşfiyyat bölmələri təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” ABŞ kəşfiyyat orqanlarının məlumatlarına istinadən
yazır.
Eyni zamanda, nəşr qeyd edir ki, ABŞ hücumu hansı bölmənin təşkil edə biləcəyini, həmçinin prezident Vladimir Zelenskinin bundan xəbəri olub-olmadığını bilmir.
Amerika kəşfiyyat xidmətləri həm Rusiya, həm də Ukrayna rəsmilərinin Ukraynanın iştirakından danışdıqları mesajların ələ keçirilməsini təhlil etdikdən sonra belə qənaətə gəliblər. Lakin Amerika kəşfiyyatının əlində konkret sübut yoxdur.
NYT həmçinin yazır ki, ABŞ Ukraynanın Darya Duginanın, Vladlen Tatarskinin qətlinə və Rusiya ərazisinə edilən bir sıra hücumlara görə məsuliyyət daşıdığını hesab edir.
Rəsmi olaraq bu məlumatı nə Ağ Ev, nə də MKİ şərh edir.
Xatırladaq ki, mayın 3-də Rusiya Federasiyası Kremlə hücum olduğunu bildirib. Bundan dərhal sonra şəbəkədə hücumun videoları peyda olub. Senat Sarayının günbəzinin üstündə partlayış görünüb.
Rusiya tərəfi Ukraynanı Vladimir Putinə sui-qəsd cəhdində ittiham edib. Lakin partlayış baş verən zaman o, Kremldə olmayıb.
Ukraynada bu hücumlarda iştirak inkar edilib. Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, bu zərbə Ukrayna ərazilərinə zərbələrə haqq qazandırmaq üçün həyata keçirilən Rusiya əməliyyatı ola bilər.
Alpər