2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzünə Obamanın qeyri-müəyyən cavabı dünyaya göstərdi ki, nüvə silahı ABŞ-ın vədlərindən daha yaxşı müdafiə vasitəsidir.
Qaynarinfo Hudson İnstitutunun əməkdar əməkdaşı, "The Wall Street Journal"ın köşə yazarı və Nyu Yorkdakı Bard Kollecində xarici əlaqələr və humanitar elmlər üzrə professor Uolter Rassel Midin yazısını təqdim
edir.
Ukrayna Sovet İttifaqının ölü bədənindən ayrılanda onun ərazisində Sovet nüvə silahlarının əhəmiyyətli arsenalı qaldı. Daha sonra Klinton administrasiyası diplomatik enerjisinin böyük hissəsini Ukraynanı, eləcə də Qazaxıstan və Belarusu bu silahları Rusiyaya qaytarmağa inandırmağa sərf etdi.
Prezident Klinton İrlandiyanın RTE xəbər xidmətinə keçən həftə dediyi kimi, ukraynalılar ABŞ-ın təzyiqlərinə müqavimət göstərirdilər: "Onlar silahlarını təhvil verməkdən qorxurdular, çünki bunun onları Rusiyanın ekspansiyasından qoruyacaq yeganə silah olduğunu düşünürdülər”. Klintonun Dövlət katibi Madlen Olbraytın dediyi kimi, amerikalılar, "yüksəkdə dayanıb gələcəyi digər ölkələrlə müqayisədə daha uzaq görürlər”. Beləliklə, Klinton administrasiyası ukraynalıları fərqli bir nəticəyə gətirdi: qaydalara əsaslanan beynəlxalq nizam Ukraynanın gələcəyini nüvə silahından daha yaxşı qoruyacaq.
"Buna görə özümü günahkar hiss edirəm”, - deyən Klinton RTE-yə bildirib və əlavə edib ki, indi yaranan böhranda amerikalılar Ukraynaya böyük dərəcədə bizim vədimizə inandıqları üçün kömək etməlidirlər.
Real vəziyyət daha mürəkkəb idi. Rusiya o vaxt Ukraynada qalan nüvə silahlarına hələ də nəzarət edirdi. Bu, Ukraynanın rus avantürizminə qarşı müdafiəsi deyil, Ukrayna torpağında Rusiya gücünün forpostları idi. Buna baxmayaraq, belə çıxır ki, nüvə silahına bel bağlamaq əvəzinə ABŞ prezidentinin sözünə və beynəlxalq nizam qaydalarına inanmaq tarixi ölçülərdə olan səhv idi.
Klintonun fikirləri bütün dünyada nüvə silahının yayılmasına maneələrin sürətlə zəiflədiyi bir vaxta təsadüf edir. Rusiya və Çin Şimali Koreyanın arsenalına qarşı çıxmaqdan imtina edirlər. Cənubi Koreyada sorğular göstərir ki, əhalinin 70%-i Şimalın yolu ilə getməyin vaxtının yetişdiyini düşünür. Yaxın Şərqdə İranın nüvə silahı hazırlamaqda irəliləyişi silahların yayılması kaskadını işə salır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri uranın zənginləşdirilməsi potensialının əldə edilməsi istiqamətində ilk addımları atır. Nüvə silahları orta güclərin hərbi arsenalının adi tərkib hissəsinə çevrildiyindən Türkiyə çətin ki, geridə qalsın. Braziliya və Argentina kimi ölkələrdə millətçilər öz ölkələrinin genişlənən nüvə klubuna qoşulmasını istəyəcəklər.
1945-ci ildə Yaponiyaya ilk bombalar düşəndən bəri nüvə silahının yayılmasına qarşı mübarizə ABŞ xarici siyasətinin mərkəzi elementinə çevrildi. ABŞ diplomatiyası Sovet, Britaniya, Fransa, Çin, İsrail, Hindistan, Pakistan və Şimali Koreyanın proqramlarını dayandırmağa çalışdı. Nüvə silahlarının yayılmaması müqaviləsi (NPT) 1970-ci ildə qüvvəyə minib və 1994-cü ildə Budapeşt Memorandumunun imzalanmasından beş ay sonra müddəti uzadılıb. Bu memorandumda Rusiya, ABŞ və Böyük Britaniya Ukrayna, Belarus və Qazaxıstanı təhdid etməmək və onlara hücum etməmək barədə razılığa gəliblər; Bundan əlavə, üç keçmiş sovet respublikası NPT-yə qeyri-nüvə dövləti kimi qoşulub. NPT qaydalara əsaslanan beynəlxalq nizamın təməl daşı kimi qəbul edilib.
Tarix Barak Obamanı nüvə silahlarının yayılmaması rejimini məhv edən adam kimi xatırlayacaq.
Onun 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzünə qeyri-müəyyən cavabı tarixdə nəinki Soyuq müharibədən sonrakı sakitliyin sonu oldu; bu həm də demokratik dünya liderlərinin amansız düşmən qarşısında qaydalara əsaslanan beynəlxalq nizam prinsiplərini qoruyub saxlamaq üçün gücə və uzaqgörənliyə malik olması xəyalının puç olduğu demək idi.
O, həmçinin dünyaya nüvə silahının ABŞ vədlərindən daha yaxşı müdafiə olduğunu öyrətdi. Şimali Koreyanın nüvə tərəqqisinin qarşısının alınması bacarıqsızlığı və İranla sazişin bağlanmasını (hansı ki, Tehranın nüvə irəliləyişlərini əngəlləmək əvəzinə onu sadəcə gecikdirməyə hesablanmışdı) nəzərə alsaq, Obama dövrünün diplomatiyası açıq şəkildə göstərdi ki, yüksək səviyyəli ritorikaya baxmayaraq, nüvə silahının yayılmaması həmişə praktik proqramdan daha çox xəyal olub. Texnologiyanın inkişafı yeni ölkələr üçün nüvə silahının hazırlanmasını asanlaşdırır və ucuzlaşdırır və nüvə klubunun iddialı üzvləri ehtiyac duyduqları texnologiya və təcrübə üçün daha çox mənbəyə malikdirlər. NPT yavaşlatdı, lakin yayılmanın qarşısını ala bilmədi. İndi biz NPT-dən sonrakı dünyada yaşamağı öyrənməliyik.
Obamanın əsl səhvi xarici siyasətini qaydalara əsaslanan beynəlxalq nizama əsaslandırması idi, lakin onun bunu müdafiə etmək bacarığı və iradəsi yox idi. İstədiyi dünyanı yarada, ölkəni xəyalın məhvindən sonrakı həyata hazırlaya bilmədi.
Budapeşt memorandumunda Klinton Ukrayna qarşısında Obamanın yerinə yetirməkdən imtina etdiyi mənəvi öhdəlik götürdü. Nəticələrə nüvə silahının yayılmaması rejiminin sürətlənən tənəzzülü, amansız müharibə, Stalindən sonra Çin və Rusiya arasında ən yaxın ittifaq və Amerikanın sözünün dəyərinin qlobal şəkildə aşağı düşməsi daxildir.
Ümid etmək olar ki, prezident Bayden və onun müşavirləri necə xatırlanmaq istədiklərini diqqətlə düşünəcəklər.
Nizami Bağırov