
Xəbər verildiyi kimi Oda teatrının təsisçisi Elmin Bədəlov direktor və bədii rəhbər vəzifələrindən istefa verib. Daha sonra təsisçi direktor vəzifəsinə teatrın meneceri və aktrisası Aynur Zərrintacı, bədii rəhbər vəzifəsinə isə teatrın aktyor və fotoqrafı Nihad Qulamzadəni təyin edib.
Qaynar.info-ya məlumatı təsdiqləyən Oda teatrının təsisçisi Elmin Bədəlov bu xəbərin insanlar arasında yanlışlıq doğurduğunu vurğulayıb: “Sadəcə olaraq bizdə istefa sözü çox pis qarşılanır. Mən Oda teatrından ayrılmamışam. Teatrın təsisçisi olaraq qalıram. Və teatrın hansı tamaşasında aktyor kimi rol almışamsa həmin tamaşalar repertuarda olduğu müddətdə aktyor kimi də fəaliyyətimi davam etdirəcəyəm. Sadəcə olaraq işlərimin çox olduğundan direktor və bədii rəhbər vəzifələrindən ayrılmışam, həmin yerlərə teatrın gənc əməkdaşlarını təyin etmişəm. Çünki hazırda yeni yaratdığım ADO teatrında yeni tamaşalar hazırlayıram və bu teatrın inkişafı üçün çalışıram. Bu üzdən iki işi bir arada aparmaq çox çətindir. Eyni zamanda istəyirəm ki, artıq gənclər özləri teatr idarəçiliyində işlər görsünlər. Və inanıram ki, direktor və bədii rəhbər vəzifələrinə təyin etdiyim şəxslər Odanın inkişafında maraqlı yeniliklər edəcəklər. Mən Oda teatrının təsisçisiyəm və bu teatrın yaranması, inkişafı üçün daima çalışmışamsa, bundan sonra da çalışacağam. Və mən daima teatrın əməkdaşları ilə birgəyəm. Sadəcə idarəçiliyin bir qismini onların özlərinə həvalə etmişəm. Düşünürəm ki, belə olan halda onlar daha yaxşı yeniliklər edə və ölkə mədəniyyətində ciddi dönüşlər yarada bilərlər”.
Odanın təsisçisi onu da bildirib ki, müəyyən müddətlərdə teatrın direktor və bədii rəhbərini dəyişəcək: “Məncə teatr hər mövsümdə dəyişib, yenilənməlidir. Çünki zaman dəyişib və insanlar yeniliklər istəyir. Rəhbərlikdə təmsil olunanlar da dəyişdikcə artıq teatrın dəyişib, yenilənməsinə səbəb olacaq. Yenilənmək də inkişafa aparacaq. Eyni zamanda artıq teatrda təmsil olunanlar bir-bir bu təcrübəni sınaqdan keçirmiş, rəhbərlik xüsusiyyətləri qazanmış olacaq. Bu dəyişikliklərdən həm teatr əməkdaşları qazanacaq, həm də tamaşaçılar. Direktor və bədii rəhbər vəzifələrindəki şəxsləri hər mövsümdə dəyişəcəyimdən narahat deyiləm, əksinə bunun bir demokratik teatr mühitinə daha da təkan verəcəyinə əminəm”.
Elmin Bədəlov bununla yaratdığı ADO və Oda teatrları arasında inkişafa aparacaq bir rəqabət yaradacağına da inanır: “Hər iki teatrın bədii rəhbəri olduğum üçün bu teatrlar arasında rəqabət yaranmırdı. Halbuki ADO teatrını yaradanda Oda ilə yaradıcı bir rəqabətin olacağını düşünürdüm. Lakin hər iki teatrda bədii rəhbər olmağım buna mane olurdu. İndi isə düşünürəm ki, yaradıcı bir rəqabət yaranacaq və bu hər iki yaratdığım teatrın inkişafına aparacaq. Mən əsas işlərimi, yeni tamaşaların hazırlanmasını təsisçi və bədii rəhbər olduğum ADO teatrında həyata keçirirəm. Hazırda ideya müəllifi və rejissoru olduğum yeni tamaşaların hazırlıq işləriylə məşğulam. Üstəlik Oda teatrının əməkdaşları ayrı, ADO teatrının əməkdaşları ayrı olacaq. Teatrlar bir-birinin əməkdaşlarından istifadə edə bilmədiyi üçün yeni əməkdaşlar, yeni aktyorlar qazanmış olacaq ki, bu da özü bir inkişafdır. Bir sözlə teatrlardan ayrılmamışam. ADO və Oda teatrlarının inkişafı üçün hansı addımlar gərəkirsə onları həyata keçirirəm. Cəmiyyətin inkişafı üçün çalışmaqda davam edirik. Yaxın günlərdə tamaşaçıların marağına səbəb olacaq hər iki teatrda böyük yeniliklər, tamaşaçıları silkələyəcək tamaşalar və müsbətə doğru daha da çox işlər olacaq”.
Qaynar.info