Xəbər lenti

Özgə gülləriylə xoşbəxt olan qadın...
Günay İlqarqızı
Ölkə07:35 23.12.2022

Özgə gülləriylə xoşbəxt olan qadın...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhər tezdən metroda çox maraqlı bir mənzərə ilə qarşılaşdım. Bir gənc oğlan bəzətdirdiyi bir dənə qızılgülü böyük vəchlə sıxlıqdan qorumağa, əzdirməməyə çalışırdı. Gülü o qədər gözəl incəliklə tutmuşdu, sanki demək istəyirdi ki, bu gülü apardığım xanım da mənim üçün çox dəyərlidir. 
Elə hey onu, hərəkətlərini izləyirdim ki, yadıma yenə qarşılaşdığım bir hadisə düşdü. 
Bir gün işdən çıxıb evə gedərkən (yəqin həmin saatlarda nəqliyyatın necə sıx olduğunu təsəvvür edə bilirsiniz), bir gənc xanım böyük bir buketlə avtobusa daxil oldu. O da əlindəki güllərin əzilməməyinə çalışırdı. Əyləşən bir orta yaşlı xanım qıza gülü saxlaya biləcəyini dedi və gülü götürdü. 
Bu an o avtobusda mənim üçün bütün duyğular qarışdı. Dünyanın ən duyğusal, ən gözəl anlarını eyni anda yaşadım. O xanım qabarlı əlləri ilə gülü sinəsinə sıxanda dünyanın ən xoşbəxt qadını oldu, desəm, əsla mübaliğə etmərəm. 
Köksünə sıxdığı "yad gülləri” bir anda onun üzündə, ruhunda çiçəklər açdırdı. Gəncləşdi, məsumlaşdı, bir az da uşaqlaşdı.
O, "yad gülləri” həmin xanıma bir neçə dəqiqəlik də olsa, xoşbəxtlik yaşada bildi....
Düşündüm, ilahi, bu necə mənzərədir?! Qarşımda əyləşən xanım bəlkə də əlinə ilk dəfə gül almağın xoşbəxtliyini yaşayırdı. 
Yox, "bəlkə” yox, dəqiq belə idi. O xanım ilk dəfə bu böyüklükdə bir buketə toxunurdu. 
Bütün mimika və jestləri açıqca bunu deyirdi... 
Həm də bir az diqqətlə müşahidə etsəm, "axı mən də qadınam” deyə bağırırdı...
Bir xeyli yol qət edəndən sonra o gənc xanım da boşalan yerlərdən birinə, elə o xanımla üzbəüz əyləşdi və gülü götürmək istədi. 
Bayaqdan gülü köksünə sıxan qadın isə vermək istəmədi, köksünə sıxdı, gözləri ilə, duyğuları ilə oxşadı, əzizlədi. 
O gül sahibi xanım avtobusdan düşənə qədər. 
Yenə acı bir səhnə yaşandı. O gülləri sinəsindən qoparıb o xanıma geri qaytardı. 
Bilmirəm, bəlkə o güllər sahibənə ən əzizi tərəfindən verilmişdi, amma mən həmin anda o gülü həmin xanıma bağışlayardım deyə düşündüm. 
Bəli, bağışlayardım. 
Xoşbəxtliyimi paylaşıb, həm də xoşbəxt etmək üçün bağışlayardım. 
O qabarlı əllərə, hüzünlü çöhrəyə, yorğun cismə sən də qadınsan, deyə bilmək üçün bağışlayardım.
Həmin anda düşündüm ki, kaş elə indi sənə bircə qızılgül bağışlamaq qədər şansım olardı....
Çünki kim bilir, bir də o xanım hansısa bir avtobusda, metroda kiminsə güllərini köksünə sıxmaqdan başqa heç vaxt ona gül verilməyəcək, heç vaxt "mənim gülüm” deyə bilməyəcəkdi. 
Yarılanan ömrün qalanı da bax belə qayğıyla axıb gedəcəkdi...
Mənə elə gəlir ki, insanları, xüsusi ilə qadınları kiçik bir şeylə xoşbəxt edə bilmək çox asandır. 
Bəli, biz qadınlar bir gül ilə də xoşbəxt ola biliriksə...
Cənablar, zaman, məkan, şəraitdən asılı olmayaraq, ana, bacı, övlad, həyat yoldaşı olmağından asılı olmayaraq bizə bircə dənə də olsa gül verin.
Heç olmasa bir dəfə edin bunu...
Hə, bir də yanında gülüşünüzü də hədiyyə edin...
P.S. İndi bəlkə bəziləri deyəcək ki, bunu cənablardan gözləmək doğru deyil. İnsan özünə də bunu alıb hədiyyə edə bilər. Deyim ki, bunu mən də bilirəm. 
Amma əmin olun, bu gül o güldən olmayacaq...
Günay İlqarqızı