ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu ilin əvvəlində vəzifəyə qayıtdıqdan sonra imzaladığı ilk fərmanla Meksika körfəzinin adını rəsmi olaraq Amerika körfəzi olaraq dəyişdirmişdi. Lakin bu mübahisəli qərarın ardından Trampın ailəsi ilə bağlı ortaya çıxan bir hadisə qərarın özünün belə unudulduğunu və ya nəzərə alınmadığını göstərir.
Qaynarinfo xəbər verir ki, Trampın oğulları tərəfindən həyata keçirilən "Trump Mobile" adlı yeni mobil rabitə layihəsinin təqdimatı zamanı maraqlı bir detal sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi. Şirkətin rəsmi internet saytında yerləşdirilən əhatə xəritəsində körfəz hələ də Meksika körfəzi adı ilə göstərilir.
Bu uyğunsuzluq ilk olaraq sosial media istifadəçisi Trevis Akers tərəfindən gündəmə gətirilib. O, xəritənin ekran görüntüsünü paylaşaraq Trampın qərarına baxmayaraq, layihənin təqdimat materiallarında köhnə adın istifadə edilməsinə diqqət çəkib. Qısa müddət sonra "Trump Mobile" həmin xəritəni saytdan silib. Lakin xəritənin əvvəlki versiyasına aid görüntülər internetdə yayılmağa davam edir.
Bu vəziyyət ilk baxışdan istehzalı görünsə də, onun arxasında daha texniki bir səbəb dayanır. Sözügedən xəritə "Mapbox" adlı, bir çox proqramçının istifadə etdiyi platforma üzərindən hazırlanıb. "Mapbox" əsasən "OpenStreetMap" kimi beynəlxalq məlumat bazalarına əsaslanır və bu platformalar hələlik Amerika körfəzi adını qəbul etməyiblər.
Başqa sözlə, Trampın fərmanı yalnız ABŞ daxilində hüquqi qüvvəyə malikdir. Belə coğrafi ad dəyişikliklərinin beynəlxalq xəritələrə tətbiqi ümumilikdə qlobal razılaşma tələb edir.
Bənzər hallarda bəzi texnologiya şirkətləri mövqeyə uyğun adlandırma üsulunu tətbiq edir. Məsələn, "Google" ABŞ-da istifadəçilərə Amerika körfəzi adını göstərsə də, dünya üzrə hələ də Meksika körfəzi ifadəsini istifadə edir. Bu yolla hər ölkə öz rəsmi mövqeyinə uyğun xəritə görünüşü əldə edə bilir.
İşin maraqlı tərəfi isə odur ki, "Trump Mobile" bu xəritə üzərində ad dəyişikliyini texniki baxımdan asanlıqla həyata keçirə bilərdi. "Mapbox" istifadəçilərə su hövzələri kimi təbii obyektlər üzərində düzəlişlər etməyə imkan verir. Yəni layihə komandası bir neçə sadə addımla körfəzə istədikləri adı verə bilərdi. Lakin bu dəyişiklik niyə edilməyib, yaxud nəyə görə nəzərdən qaçıb – bu barədə hələlik şirkətdən heç bir açıqlama verilməyib.
Aydın
Şərhlər