Pakistan polisi keçmiş baş nazir İmran Xanı antiterror qanunlarını pozmaqda ittiham edib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, İmran Xan yaxın köməkçilərindən birini həbs edib işgəncə verdiyi üçün polis və ədliyyə orqanlarını ittiham etdikdən sonra, o, polis tərəfindən ölkədə qalmaqal yaratmaq və sabitliyi pozmaqda
günahlandırılıb.
Aprel ayında hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Xan hökumətin və ordunun açıq tənqidçisinə çevrilib.
Şənbə günü ictimai çıxışında Xan İslamabad polis rəisini və bir qadın hakimi partiya həmkarını saxlayıb pis rəftar etdiklərinə görə qınayıb.
Bu çıxışında birbaşa bu iki şəxsi nəzərdə tutaraq deyib: "Siz də hazır olmalısınız, çünki sizə qarşı tədbir görəcəyik”.
Bu çıxışdan sonra hakimiyyət Xanı hökumət rəsmilərini hədələməklə ölkənin terrorla mübarizə qanununu pozmaqda ittiham edib.
Bu ittihamdan sonra İmran Xanın evinin qarşısına toplaşan minlərlə tərəfdarı and içiblər ki, onu həbs edilməsinə izn verməyəcəklər. Polis isə bildirib ki, hələlik onu həbs etmək niyyəti yoxdur.
Xan vəzifəsindən kənarlaşdırıldıqdan sonra bir sıra alovlu çıxışlar edərək, hökuməti və ordunu sərt tənqid edib, yeni seçkilərə çağırış edib.
Həmçinin dünən Pakistan Media Tənzimləmə Təşkilatı Xanı hökumət qurumlarına qarşı nifrət yaymaqda ittiham edərək televiziya kanallarına keçmiş baş nazirin çıxışlarını canlı yayımlamağı qadağan edib.
M.Arif