Hüseynbala Səlimov
Hər yerdə məhdud və yaxud tamamilə karantin şəraitində yaşayan insanların diqqəti KİV-lərin xəbərlərində ikən, belə çıxır ki, onlar özləri tamamilə başqa bir işlə - infodemiyanı yaymaqla, yəni dövriyyəyə yalan və feyk xəbərlər çıxarmaqla məşğuldurlar.
Yox, əlbəttə, bununla dünya xəbər palitrasının üzərinə şübhə şəbəkəsi salmaq niyyətində deyilik, amma pandemiya ətrafında başqa bir savaşın və yaxud da mücadilənin getdiyini də sezməmək mümkün deyil.
Amma əvvəlcə səbrlə bir mühüm informasiya detalının üzərində dayanaq. Koronavirus pandemiyasının lap ilk günlərindən jurnalistlər və daha çox da onların müsahibləri olan həkimlər bəlkə də insanların təlaşını-təşvişini azaltmaq məqsədilə koronavirusla digər bəlli xəstəliklər arasında paralellər aparır, dünyada hər il adicə qripdən belə yüz minlərlə xəstənin həyatını itirdiyini deyirdilər və bu gün də bunu edirlər.
Məsələn, elə bu günlərdə oxuduq ki, Yaponiyada hər il bir milyondan artıq insan xərçəng kimi dəhşətli xəstəliyə tutulur. Müqayisə üçün bildirilir ki, yeni koronavirusdan xəstələnənlərin sayı yalnız indi milyon yarımı keçmək üzrədir – özü də bütün dünya üzrə!
Amma təəssüflə bildiririk ki, belə müqayisələr–paralellər getdikcə öz təsirini itirməkdədir, çünki yeni koronavirus pandemiyası ən azı diqqət məsələsində digər xəstəlikləri tamamilə arxada qoyub – hərə bu xəstəliyə bir aspektdən yanaşır və onu öz prizmasından çözməyə çalışır.
Odur ki, daha düzgünü bu olardı ki, ən müxtəlif sahələr üzrə mütəxəssislər, həm də müxtəlif ölkələrin siyasət və diplomatiya adamları öz ölkələrinin və digər dövlətlərin insanlarını hələlik mövcud olan yeganə müalicə üsuluna və tədbirlərinə – karantin qaydalarına daha ciddi əməl etməyə çağıraydılar.
Fəqət psixoloqlar yeni bir "infodemiya” terminini dövriyyəyə buraxıblar: burada söhbət dünya informasiya məkanının sürətlə feyk – yalançı xəbərlərə "yoluxma”sından gedir.
Söhbət ondan gedir ki, bu prosesin içində başqa bir məsələ də var. Qlobal miqyasda nəsə baş verirsə, insanlar ilk növbədə onun "müəllif”ini tapmağa çalışırlar və bir daha deyək ki, koronavirus da bu mənada istisna olunmadı, burada "gizli sövdələşmə”, "sui-qəsd nəzəriyyələri” və bütün konspiroloji təlim və bilgilər səfərbərliyə alındı.
Əvvəlcə bir sıra politoloq-konspiroloqlar diqqəti belə detala yönəltdilər ki, pandemiyanın coğrafiyası qədim İpək yolu ilə demək olar ki, üst-üstə düşür.
Bu hipotez olduqca cəlbedici və ilk günlərdə hətta yetərincə "inandırıcı” göründü, çünki son illərdə "Çin təhlükəsi” elə mötəbər sammitlərdə və qurumlarda müzakirə olunurdu ki, hamı çox tez bir zamanda "Səmaaltı ölkə”nin cəzalandırılacağını gözləyirdi. Məsələn, NATO-nun sonuncu London toplantısında əsas müzakirə mövzularından biri məhz elə "Çin təhlükəsi” olmuşdu. Üstəlik, koronavirusun ilk günlərdə ən çox yayıldığı ölkələrdən birinin İtaliya olması xəbəri bir az da "inandırıcı” edirdi, çünki Roma Çinin "Bir yol, bir kəmər” təşəbbüsünə ən çox dəstək verən Avropa ölkəsi idi...
Daha bir konspiroloji ssenari haqqında bir neçə il bundan əvvəl rusiyalı politoloq A.Duqin yazmışdı – guya ki, protestant anqlo-saksların və yəhudilərin hansısa birgə mistik ssenarisi var və onlar dünyanın sonunu yaxınlaşdırmağa və İsa Məsihin qayıdışını sürətləndirməyə çalışırlar...
Bəli, bir neçə belə "konspiroloji ssenari” gündəmə buraxıldı və insanlar da onları diqqətə aldılar - ən azı ona görə ki, bəşəriyyətin böyük hissəsi çox təəssüf ki, ABŞ-a qısqanclıqla yanaşır və ona şübhə edir. Ona görə də bir problem yaranırsa, ilk ağla gələn bu olur ki, bunu ABŞ edibdir və bu "yankilərin əməli”dir...
Amma pandemiyanın coğrafiyası hədsiz dərəcədə genişlənəndən, yüzdən çox dövləti əhatə edəndən, ən başlıcası da ABŞ koronavirusa "liderlik” edən (həm yayılma göstəricilərinə, həm də ölənlərin sayına görə!) bir ölkəyə çevriləndən sonra bir az əvvəldə qeyd etdiyimiz ssenari və hipotezlərə maraq kəskin şəkildə azaldı.
Amam insanların bu qəbildən olan müxtəlif ehtimallara marağı tamam yox da olmadı – necə ki, onlar hələ də 11 Sentyabrın əsl səbəbkarlarını axtarmaqda davam edirlər. Yeri gəlmişkən xatırladaq ki, 11 Sentyabrda cəmi 3 min amerikalı həyatını itirmişdi...
Hazırda konspiroloqların diqqəti Çinin özünə yönəlib. Daha çox insan belə düşünür ki, bu koronavirus məsələsi Pekinin öz işidir. Əlbəttə, biz bu qəbildən olan fikirləri nə təsdiq, nə də inkar etmək iqtidarındayıq və düşünürük ki, hazırda problemin səbəbkarını tapmaqdan daha aktual məsələ virusa qarşı vaksinin tapılmasıdır.
Bir də bu: düşünürdük ki, kimyəvi silah kimi bakteroloji silah da qadağan olub və yayılması yasaq edilib. Əgər belə yasaq yoxdursa və ya zəifdirsə, ümid edirik ki, pandemiyaya son qoyulandan sonra ilk iş elə bu olmalıdır – bakteroloji silahların tamamilə məhv edilməsi...