"Paşinyan seçki ərəfəsi özünə qarşı olacaq təzyiqlərdən yayınmaq üçün Putinlə anlaşma yolları axtarır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov dünya liderlərinin əksəriyyətinin BMT Baş Assambleyasının iclasında iştirak üçün Nyu-Yorkda olduğu bir zamanda, Ermənistan baş naziri Nikol Paşinyanın həmin tədbirə deyil, Moskvada Rusiya nüvə sənayesinin 80 illik tədbirində iştirak etməyə üstünlük verməsini şərh edərkən deyib.
"Görünən odur ki, Paşinyanın BMT-nin ali tribunasından dünya ictimaiyyətinə deyiləsi sözü olmayıb. Əslində bunu gözləmək olardı. Məğlub ölkənin lideri kimi Paşinyan dünya ictimaiyyətinə hansı uğur və ya sülhə çağırışla əlaqəli fikirlər söyləyə bilərdi? Bunun ancaq Azərbaycan Prezidenti edə bilərdi", deyə ekspert bildirib.
Politoloq düşünür ki, Putinin yanına getmək Paşinyan üçün daha vacib idi:
"BMT-yə aid məsələlərdə artıq olanlar olub. Danışılacaq heç nə qalmayıb. Rusiya ilə isə danışıqlar üçün hələ çox mövzu var, Ermənistanda sabitlikdən tutmuş, Tramp marşrutuna kimi məsələlər üzrə".
Həmsöhbətimizin fikrincə, Paşinyan Putinlə təzyiqlərdən yayınmaq üçün uzlaşma yolları axtarır:
"Məsələ ondadır ki, ABŞ prezidenti Tramp da Paşinyanın Sorosun adamı kimi əvvəlki fəaliyyətindən narazıdır. Qərbyönlü Levon Ter-Petrosyan da revanşistlərin tərəfinə böyük ehtimalla ABŞ-ın təlimatı ilə keçib. Göründüyü kimi, Paşinyana seçkiöncəsi Qərbdən də təzyiqlər artır. Hesab edirəm ki, Paşinyan heç olmasa Putinin təzyiqlərindən yayınmaq üçün danışıqlar aparır. Amma bu da çətin məsələdir. Paşinyan iki od arasında qalıb. Lakin bütün hallarda erməni toplumunun yenidən onun arxasında durması ehtimalı da böyükdür".
Qeyd edək ki, Rusiya nüvə sənayesinin yaranmasının 80 illiyilə əlaqədar Moskvada keçirilən tədbirə qatılıb və Putinlə görüşüb. BMT-də isə Ermənistanı XİN rəhbəri Ararat Mirzoyan təmsil edib.
Rüfət Sultan
Şərhlər