"Gizli keçirilən bu iclas Ermənistanın niyyətinin saf olmadığının növbəti göstəricisidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən təşkilatın mənzil qərargahında gizli iclas keçirməsinə münasibət bildirərkən deyib.
"Ermənistanın diplomatik cəhdləri son dövrlər iflasa uğrayır. Bunu BMT TŞ-nin son iclası daha qabarıq şəkildə göstərdi. Bununla belə, ermənilər gündəmdə qalmaq üçün müxtəlif üsullara əl atmaqda davam edirlər. Bu mənada, Təhlükəsizlik Şurasının son iclasından sonra Ermənistanın hansısa bir təxribatı həyata keçirmək istəyəcəyini gözləmək olardı”, deyə ekspert bildirib.
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, belə təxribatdan biri də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyinin təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirməsidir:
"Hər hansı bir məsələnin müzakirəsini gizli şəkildə keçirmək İrəvanın niyyətinin saf və təmiz olmadığından xəbər verir”.
Həmsöhbətimiz deyib ki, bununla düşmən tərəf blokada uydurmalarını gündəmdə saxlamağa çalışır:
"Görünür, yenə də nəsə axtarıb tapmağa çalışırlar ki, qondarma blokada məsələsi gündəmdə qalsın. Bir tərəfdən də məlumata görə, Qarabağ separatçıları Ağdam yolundan istifadəni mümkün hesab edirlər. Bu fonda İrəvanın BMT-dəki daimi nümayəndəliyinin təşkilatın qərargahında gizli keçirdikləri iclas bir müddət əvvəl TŞ-da aldıqları diplomatik məğlubiyyətin əvəzini çıxmaq üçün ortaya atdıqları növbəti təxribatdır”.
Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Ermənistan bununla sülh müqaviləsini imzalamaqdan yayındığını da ortaya qoyur:
"Dünən İrəvanın Bakıya sülh müqaviləsilə bağlı yeni təkliflər göndərdiyi barədə məlumatlar gedib. Həmin göndərilən təkliflər də əslində BMT qərargahında keçirdikləri gizli iclasın arxa plana keçirilməsi məqsədi daşıyıb. Hər halda belə gizli iclaslardan yaxşı nəsə gözləmək olmaz. Orada bütün iclaslar, hətta məsləhətləşmələr də açıq olmalıdır”.
Qeyd edək ki, Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi avqustun 24-də press-reliz yayıb. Sənəddə göstərilir ki, avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib. Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi yaydığı press-relizdə erməni diplomatların bu davranışını pisləyərək, onları dünya təşkilatının platformasından "sui-istifadə etməkdə” suçlayıb.
Rüfət Sultan