
Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev Ukraynada legioner sayılacaq.
Qaynarinfo.Az xəbər verir ki, Paşayevlə yanaşı, Ermənistan millisinin hücumçusu Qeqam Kadimyan da bundan sonra yerli futbolçu statusunda oynaya bilməyəcək.
Ukrayna Premyer Liqasının (UPL) prezidenti Vladimir Qeninsonla jurnalistlərin görüşündə direktor Yevgeni Diki bunları deyib: "Bu məsələ ilə bağlı Ukrayna Futbol Federasiyasına (UFF) sənədlər göndərilib. Öz növbəsində sorğu Ermənistan və Azərbaycana da göndərilib. Yerli federasiyalar təsdiqləyib ki, Kadimyan və Paşayevin Ermənistan və Azərbaycan pasportu var. UFF-da artıq prosedur başladılıb. Yekunlara görə Paşayev və Kadimyan mövsümün II dövrəsində legioner kimi sifariş olunacaq. Həmçinin UPL UFF Nizam-İntizam Komitəsinə Kadimyan və Paşayevin klubları tərəfindən ukraynalılar kimi sifariş olunması məsələsinə baxılmasını xahiş edib. Axı məhz bu klublar ("Stal" və "Karpat") oyunçuların sifarişinə görə məsuliyyət daşıyırlar".
Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, ikili vətəndaşlığa icazə verilmir. Qeqam Kadimyan İrəvanda doğulsa da, 14 yaşından Ukraynada oynayır və 2 il sonra bu ölkənin vətəndaşlığını alıb. Ancaq "Karpatı"nın hücumçusu bu ildən Ermənistan millisində rəsmi debütünü edib və artıq 3 oyuna 2 qol vurub.
Atası azərbaycanlı olan Pavel Paşayev isə Ukraynada doğulub. Hətta Ukrayna millisində 2 yoldaşlıq matçında da oynamış Paşayev ötən ildən Azərbaycan yığmasına cəlb olunub. "Stal" klubunun cinah müdafiəçisi cəmi 3 yoldaşlıq görüşündə millimizin formasını geyinib.
Qaynarinfo.Az