ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çinə iki günlük işgüzar səfəri dünya mediasında ən çox müzakirə olunan mövzulardandır.
Məlum olduğu kimi Blinken Pekində Çin lideri Si Szinpinlə, həmçinin, Çinin xarici siyasət idarəsinin rəhbəri Vanq Yi və xarici işlər naziri Qin Qanqla görüşüb. E.Blinken Çin rəsmiləri ilə görüşlərini "konstruktiv və mənalı müzakirələr” adlandırıb. ABŞ dövlət katibi ilə Çin rəhbərliyinin bu görüşünu indiki məqamda tarixi zərurətdən əlavə, həm də gözlənilməz gediş kimi dəyərləndirmək olar.
Çünki uzun müddət idi iki superdövlət arasında soyuq küləklər əsirdi və tərəflərin heç biri digəri ilə yaxınlaşmaq barədə açıq mövqe sərgiləmirdi.
Dünyanın diqqətlə izlədiyi bu vacib görüşün detalları Çin lideri Si Szinpinin söylədiyi kimi "gələcəkdə və bəşəriyyətin taleyində əks olunur”. Maraqlıdır, Blinkenin Çinə qəfil səfərinin açıq və gizli məqamları nələrdən ibarətdir?
Gözlənilməz səfərin detalları
Hər şeydən öncə, vurğulanmalıdır ki, məlum görüşdə ABŞ və Çin ikitərəfli münasibətləri sabitləşdirmək istəklərini nümayiş etdiriblər. Lakin bu proses Çin XİN başçısı Vanq Yinin dediyi kimi, zəif templə gedir. Demək, görüşdə müzakirə olunan əsas məqamlardan biri münasibətləri normallaşdırmaq, bir az da irəli gedərək istiləşdirməkdir. Belə ki, saatlarla davam edən müzakirələrdən sonra iki ölkə arasında hiss olunan gərginliyə baxmayaraq, tərəflərin biri-biri ilə barışmaq istəyi ön plana çıxıb.
Analitiklər hesab edir ki, son aylarda ABŞ-Çin münasibətlərinin daha da pisləşməsini nəzərə alsaq, Sinin Blinkenlə görüşməsi müsbət jest kimi qiymətləndirilməlidir. Xatırladaq ki, ABŞ-ın ali diplomatik heyəti Çinə sonuncu dəfə 2018-ci ildə səfər edib. İki ölkə rəhbərliyinin indiki görüşü isə xeyli dərəcədə önəmlidir və maraq doğurandır. Onu da deyim ki, Blinken və Si Szinpin arasında görüş, görüşün başlamasına cəmi 45 dəqiqə qalmış elan edilib. Bir çox siyasi şərhçinin fikrincə, bu fakt, səfəri əhatə edən ümumi gərginliyin əlamətidir.
Si Szinpin: "Bu görüşdə dünyanın taleyi əks olunur”
Bu ilin fevral ayında Çinə məxsus olduğu iddia edilən naməlum kəşfiyyat şarının ABŞ ərazisi üzərində uçması Vaşinqtonda ciddi səs-küyə səbəb olmuş, nəticədə Blinkenin Pekinə gözlənilən səfəri ləğv edilmişdi. Həmin dövrdə Çin rəhbərliyi ABŞ-ın dünyanın hər yerində xeyli sayda hərbi və kəşfiyyat aktivlərindən istifadə etdiyini xatırladaraq səfərin ləğvindən, həmçinin Vaşinqtonun hadisəyə reaksiyasından narazılığını bildirmişdi.
Ancaq bu görüşlə bağlı fikirlərini bölüşən Si Szinpin bildirib ki, tərəflər "proqres əldə ediblər və bəzi konkret məsələlərdə razılığa gəliblər”. ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında çıxış edən Çin lideri deyib ki, indiki məqamda Pekin və Vaşinqton arasında baş verənlər "gələcəkdə və bəşəriyyətin taleyində əks olunacaq”.
"Hər iki dövlət – ABŞ və Çin tarix, insanlar və dünya qarşısında məsuliyyət daşıdıqlarını xatırlayaraq, öz münasibətlərini düzgün qurmalıdır", – Çin lideri əlavə edib.
Eyni zamanda Pekini tərk etməzdən öncə Blinken də jurnalistlərə verdiyi açıqlamada bildirib ki, ABŞ və Çin arasında münasibətlərin nizama salınması prosesi ilkin mərhələdə "çoxşaxəli və məhsuldar” olsa da, bu işləri bir səfərlə yekunlaşdırmaq mümkün deyil. Odur ki, ABŞ yetkilisi bu görüşü "yaxşı və vacib başlanğıc” kimi dəyərləndirib.
Ümumən ABŞ-Çin yaxınlaşması və konkret olaraq, bu görüş barədə siyasətçilərin, analitiklərin fikirləri müxtəlifdir. Bəzilərinin fikrincə, münasibətlərin istiləşməsi uzun vaxt tələb edən çətin proses olacaq. Bu düşüncədə olanların əsas arqumenti odur ki, Blinken Pekin səfəri zamanı nə qədər nikbin fikirlər söyləsə də, hər iki tərəfin əsas siyasi qrupları hesab edirlər ki, onların ölkələri əbədi, əzəli rəqiblərdir. Rəqiblər arasında isə müəyyən dönəmlərdə müvəqqəti anlaşmalar olsa da, maraqların toqquşması hər zaman var.
Konqres nədən Blinkeni "top”a tutur?
ABŞ-da Vaşinqton-Pekin yaxınlaşmasına şübhə ilə yanaşan siyasətçilər isə, əsasən, respublikaçılardır. Belə ki, respublikaçılar ABŞ-ın Tayvan məsələsinə və Pekinin Cənubi Çin dənizindəki fəaliyyətinə dair barışmaz mövqeyini davam etdirməsini istəyirlər. Bu problemlərlə bağlı ABŞ-la Çin arasında gərginlik indiyədək davam edirdi. Həmçinin iki ölkə arasında kommunikasiya əlaqələri də dondurulmuşdu.
Sadalanan faktlara görə Blinkenin Çinə səfəri ABŞ konqresində qızğın müzakirə və mübahisələrə səbəb olub. Respublikaçı konqresmenlər dövlət katibini kəskin tənqid ediblər. Amerikalı qanunvericilərin Çinə qarşı aqressiv münasibəti Bayden administrasiyasının bu müstəvidəki çətinliklərin öhdəsindən gələ biləcəyini şübhə altında qoyur. Üstəlik, ABŞ-da prezident seçkilərinin yaxınlaşdığını nəzərə alsaq, vəziyyətin nə qədər mürəkkəbləşdiyini təsəvvür etmək çətin deyil.
Səfərin detallarını şərh edən analitiklər Blinken – Si görüşündə cüzi və səssiz razılaşmanın, qarşılıqlı anlaşma əlamətlərinin olduğunu vurğulayırlar.
Görüşdə Blinkenin hazırkı qlobal "sarı sim”ə, yəni, Ukrayna-Rusiya müharibəsinə toxunması da gözdən qaçmayıb. Blinken deyib ki, ABŞ və Avropa Birliyi rəhbərliyi Çinin Rusiyaya silah vermədiyinə dair əminliyini şübhələrlə sarsıtmaq istəmir. Dövlət katibi eyni zamanda Çin lideri Si Szinpinin Ukrayna müharibəsinə "ardıcıl olaraq ədalətli" münasibət sərgiləməsini alqışlayıb. ABŞ konqresmenlərini qıcıqlandıran da məhz, Blinkenin bu cür həvəsləndirici ritorikasıdır. Onlar iddia edir ki, Blinkenin bu mövqeyi ABŞ rəhbərliyinin Çinlə bağlı siyasəti ilə ziddiyyət təşkil edir.
Asiyanın supergücü nədə tərəddüd edir?
Blinken bu görüşdə ABŞ-ın iki ölkə arasındakı geniş ticarət əlaqələrini təhlükə altına almaq istəmədiyini də vurğulayıb. O, ABŞ-ın qabaqcıl yarımkeçiricilər kimi həssas texnologiyaların Çinə ixracına nəzarətini nəzərdə tutaraq: "Biz əlaqəni kəsmək istəmirik, riski azaltmaq istəyirik" - deyib.
Çin lideri Si Szinpin ABŞ dövlət katibi ilə görüşün təəssüratlarını bölüşərkən, Çinin ABŞ-a "hər hansı formada meydan oxumaq məqsədinin” olmadığını söyləyib. Si Szinpin bildirib ki, "tərəflərdən hər hansı biri digərinə öz istəklərini diqtə edə bilməz, eləcə də onu öz qanuni inkişaf hüququndan məhrum edə bilməz”. Çin liderinin vurğuladığı bu fikir, böyük etimalla, Çinin kosmik tədqiqatları ilə bağlıdır. Qərb mediası yazır ki, Çin lideri bu fikirləri ilə ABŞ-ın onların inkişafına müxtəlif yollarla maneələr törətmək cəhdlərindən narazı olduğunu göstərib.
ABŞ dövlət administrasiyası isə özünü Çinlə ikitərəfli münasibətlərin inkişafında maraqlı tərəf kimi təqdim edir. Bu səbəbdən də ABŞ-ın maliyyə naziri Janet Yellen, Ticarət naziri Gina Raymondo və ABŞ-ın İqlim Məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerrinin yaxın zamanlarda Çinə səfər edəcəyi gözlənilir. Bundan başqa, Co Bayden və Si Szinpinin noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində də görüşmək şansı olacaq. Xatırladaq ki, iki lider ən son, təxminən altı ay öncə, G20 toplantısının keçirildiyi Balidə görüşmüşdü.
Tərəfdaşlıq yoxsa rəqabət?
Vaşinqtonda bəzi ekspertlər düşünür ki, Çinlə əlaqələrin bərpası iki ölkə arasında ticari dövriyyəni də yaxşılaşdıracaq. Tramp dövründə Çin mallarına tətbiq edilən bəzi gömrük rüsumları və qadağalar aradan qaldırılacaq.
"Vaşinqton nə düşünür-düşünsün, Çin liderlərinin öz qırmızı xətləri var”, ABŞ mediası bunu da yazır.
"Onlar (Çin rəsmiləri) Blinkenə Tayvanla bağlı heç bir kompromisə getməyəcklərini təkrar-təkrar bildiriblər. Çin rəhbərliyi ABŞ-ı Tayvan adası ətrafında yaranmış incə tarazlığı pozmaq cəhdlərində ittiham edir”.
ABŞ isə hələlik bu ittihamlara qarşı susqunluq nümayiş etdirir. Bu arada ABŞ-ın Asiyadakı ənənəvi müttəfiqləri (məsələn, Cənubi Koreya) Vaşinqtonla hərbi əməkdaşlığı gücləndirdikcə, regionda genişmiqyaslı geopolitik qarşıdurmanın dərinləşəcəyi ehtimalı da artır.
Nankin Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Zu Feng Blinkenin səfərini şərh edərkən bildirib ki, Bayden administrasiyası Çinlə qarşıdurmadan geri çəkilməyə maraqlı deyil. Ekspert qeyd edib ki, Vaşinqtonun bu mövqeyi regionda gərginliyin daha da artmasına gətirib çıxara bilər.
ABŞ-ın sabiq diplomatı Aron Millerin ironik tərzdə ifadə etdiyi kimi: Blinkenin Çinə səfərindən sonra çox mühüm bir sual yaranır: "Biz doğrudanmı biri-birimizi başa düşmürük, yoxsa biz biri-birimizi çox yaxşı başa düşürük?..”
Hazırladı: Murad Köhnəqala