ABŞ İŞİD terror qruplaşması ilə mübarizə üçün B-52 Stratofortress strateji nüvə bombardmançılarını göndərir.
Virtualaz.org xəbər verir ki, bu haqda Pentaqondakı mənbə Fox News telekanalına bildirib. Mənbənin bildirdiyinə görə nüvə silahı daşıya bilən bombardmançılar İŞİD-ə qarşı hava əməliyyatlarına apreldə qoşulacaq. Onlar Birləşmiş Ştatların İŞİD-ə qarşı hava əməliyyatlarına cəlb olunmuş B-1 Lancer bombardmançılarını əvəz edəcək. Lakin regiona nə qədər B-52 bombardmançısının göndəriləcəyi açıqlanmayıb.
İŞİD-ə qarşı əməliyyatlara cəlb olunmuş B-1 təyyarələrindən sonuncusu ABŞ-dakı aviabazaya yanvar ayında qayıdıb. Onların hava əməliyyatlarında iştirakı məhdud idi və cəmi uçuşların 3 faizini təşkil edirdi. İndi gözlənilir ki, strateji bombardmançıları cəlb etməklə ABŞ İŞİD-ə qarşı hava zərbələrini gücləndirməyi qərara alıb. B-52 təyyarələri yüksək dəqiqlikli qanadlı raketlər, o cümlədən nüvə başlıqlı raketlər daşıya bilir. Habelə bu təyyarələr intensiv bombardmanlar zamanı istifadə olunur.
Bundan əvvəl Rusiya Suriya əməliyyatlarında Tu-95MS strateji nüvə bombardmançılarını tətbiq etmişdi. Bu, həmin təyyarələrin ilk döyüş tətbiqi idi.
Qaynar.info