Pentaqon Ukraynanın ABŞ-ın hərbi yardım çərçivəsində verdiyi silahlardan istifadə etməsi ilə bağlı mövqeyini dəyişmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq brifinq zamanı
bildirib.
Mətbuat katibinə sual verilib ki, ABŞ öz yanaşmasını dəyişibmi, yəni Rusiya Xarkov vilayətində hücuma başladıqdan sonra da Ukrayna yalnız öz ərazisi daxilində Amerika silahlarından istifadə edə bilər?.
Sinq cavab verib ki, ABŞ-ın mövqeyi dəyişməz qalıb.
"Bəli, biz öz mövqeyimizi dəyişməmişik, biz inanırıq ki, Ukraynaya verdiyimiz texnika, digər ölkələrin Ukraynaya verdiyi imkanlar Ukraynanın suveren ərazisini geri qaytarmaq üçün istifadə edilməlidir”, – Pentaqonun sözçüsü qeyd edib.
O əlavə edib ki, ABŞ bu məsələ ilə bağlı tələblərini "kifayət qədər açıq” edib.
Sinq qeyd edib ki, Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla söhbətində verilən vəsaitdən ən yaxşı şəkildə necə istifadə olunacağını müzakirə edir.
"Və biz inanırıq ki, bu Ukrayna ərazisi çərçivəsində olmalıdır", - o əlavə edib.
Yada salaq ki, ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın Amerika silahlarından istifadə etməsi məsələsini şərh edərkən bildirib ki, ABŞ hələ də Rusiya Federasiyasına hücumlar üçün Amerika silahlarından istifadəyə icazə vermir. Bununla belə, Ağ Evin əvvəlki bəyanatlarından fərqli olaraq, o, prinsipcə bu cür hücumlara qarşı çıxmayıb.
Qeyd edək ki, mayın əvvəlində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Kiyevə səfəri zamanı Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Londonun verdiyi silahlardan istifadə etmək hüququna malik olduğunu bildirib.
Bu yaxınlarda Latviyanın yeni təyin olunmuş xarici işlər naziri Bayba Braze bildirmişdi ki, Ukrayna Rusiya ərazisinə hücum etmək icazəsi ilə bəzi tərəfdaşlardan Qərb silahlarını alıb. O, hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.
Alpər