Söhbət Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, Vergilər Departamentinin qarşısındakı yoldan gedir. Belə ki, Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasının, VD-nə tərəf olan çıxışının qarşısındakı yoldan sakinlər və sürücülər şikayət edirlər.
Onların şikayəti bundan ibarətdir ki, adıçəkilən küçəni qarşıdan-qarşıya keçmək müşkül bir məsələyə çevrilib. Orada nə yeraltı, nə də yerüstü keçid mövcud deyil. Daha doğrusu piyadalar üçün nəzərdə tutulmuş zolaqlar vaxtı ilə olub, amma indi onlardan da əsər-əlamət qalmayıb.
Buna görə də, piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Sakinlər hər an ölüm təhlükəsi ilə yolu keçməkdən təngə gəldiklərini deyirlər.
Bütün bunlardan əlavə həmin yolda ümumiyyətlə piyadalar çox da nəzərə alınmayıb. Çünki yolun bir tərəfində piyadaların hərəkəti üçün yaşıl işıq yananda, digər tərəfində piyadalara qırmızı işıq yanır. Yenidən hərəkət edə bilmək üçün sakinlər 30 santimetrlik eni olan iki xəttin ortasında dayanmalı olurlar. Bu da hər an istənilən bir sürücünün ani diqqətsizliyi nəticəsində dəhşətli ölümə yol aça bilər. Nəzərə alsaq ki, həmin ərazidə istirahət parkı, ticarət mərkəzi və məktəb var, bu yoldan istifadə edənlərin sayı olduqca çoxdur.
Həmin yoldan istifadə etməli olan sürücülər də bu vəziyyətdən beziblər: "Özünüz də görürsünüz. Siqnal verməklə, gözləməklə düzələn şey deyil. Yol bizim də olsa, piyadalar keçirlər. Aləm qarışır bir-birinə. Onları da qınamıram. İşıqforda piyada üçün yaşıl yanır, o da yolu keçir. Amma yolun ikinci tərəfində hərəkət dayanmır. Çünki o yolda artıq avtomobillərə yaşıl işıq yanır. Buna görə də, camaat qaça-qaça yolu keçməli olur. Bu özü də təhlükəlidir. Sürücü maşın çox sürətlə sürməsə də, qaça-qaça yolu keçən piyadanı vursa, həmin adam ən azı şikəst olacaq. Sürücünü isə tutacaqlar. Bu kimə lazımdır? Heç kimə.
Adicə piyada zolağı belə yoxdur. Heç olmasa onu bərpa etsinlər. Normal bir dənə buraya ya yeraltı, ya da yerüstü keçid düzəltsinlər ki, həm bu camaat qorxmadan, rahat bir şəkildə yolu keçə bilsin, həm də biz sürücülər normal maşın sürək".
Ağa Nemətulla küçəsinin sakinlərindən biri olan Firuzə Dadaşovanın sözlərinə görə, onu bir dəfə adıçəkilən yerə maşın vurub: "Axşam vaxtı idi. Metrodan çıxdım, yolu keçirdim. Birdən hiss etdim ki, artıq yerdəyəm. Yaxşı ki, sürücü diqqətli olmuşdu, vaxtında əyləcə basmışdı. Günah məndə idi. Qırmızıda keçirmişəm. Yaşlı qadınam da, görməmişəm. Normal keçid olsa, rahat gedərdim. İndi nəvəm olmasa, keçmirəm bu yoldan".
Sakinlər burada keçidin tikilməsini tələb edirlər: "Bu yol çox təhlükəlidir. Hər gün məktəbdən gələn uşaqlar, bu yoldan istifadə edirlər. Birinin başına bir iş gəlsə, kim cavab verəcək? Yolun digər tərəfində keçiddən keçməyənləri güdürlər ki, 20 manat cərimə etsinlər. Guya onların həyatlarının təhlükəsizliyi üçün çalışırlar. Əgər elədirsə, burada da heç olmasa bir polis dayansın, hərəkət saxlasın ki, camaat rahat keçsin. Heç bunu da etmirlər. Bizim tələbimiz budur ki, buraya ya yerüstü, ya da yeraltı keçid tiksinlər. Gərək kimisə maşın vursun, öldürsün, sonra keçid tiksinlər?"
Adıçəkilən ərazidə yaşayan Qədir Ağaquliyev deyir ki, sürücülər bəzən əsəbiləşirlər və piyadalarla əlbəyaxa davaya çıxırlar: "Camaat da günahsız deyil. Görürlər ki, işıqforda qırmızı yanır, yenə də yola çıxırlar. Sürücü də məcbur saxlayır və yol verir. Arxadan gələn maşının sürücüsü siqnal verməyi başlayır. Əsəb, gərginlik... Hətta elə olub ki, öz gözlərimin şahidiyəm, sürücü bezib, düşüb maşından, cumub piyadaların üstünə. Əlbəyaxa dava olub. Hamısı da bu yolda normal hərəkət etməyin mümkünsüz olmasına görədir. Burada bir normal keçid düzəltsələr, hər şey öz həllini tapacaq".//musavat.com