Xəbər lenti

Siyasət 15:26 19.12.2024

"Prezident ölkəmiz və dünya üçün vacib mesajlar verdi" - Deputat

"Bu müsahibəsində Azərbaycan Prezidenti həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli olan mesajlar verdi".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində verdiyi mesajları şərh edərkən deyib.

Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Prezidenti müsahibəsində bir çox vacib məsələlərə toxunub:

"Azərbaycan-Ermənistan münasibətlərində sülhə nail olmaq istiqamətində atılan addımlardan geniş bəhs etdi. Bu prosesdə Ermənistanın atdığı addımlar bir daha müzakirə olundu. Azərbaycanın bu məsələdə mövqeyi konkret və qətidir. Söhbət ondan gedir ki, Ermənistan Konstitusiyasına dəyişiklik etməyənə kimi heç bir sülh ola bilməz. Eyni zamanda, İrəvan ATƏT-lə bağlı yenə də riyakar mövqe nümayiş etdirməkdə davam edir. Bu da Azərbaycan tərəfindən qəbul edilməyən məsələdir".
 


Deputat Prezidentin həmçinin Fransa-Azərbaycan münasibətlərilə bağlı önəmli məsələlərə toxunduğunu da diqqətə çatdırdı:

"O, Azərbaycanın hər zaman Fransa ilə əlaqələrinin yüksək olduğunu, amma son vaxtlar, Makronun dövründə Parisin atdığı bir sıra adekvat olmayan addımlar səbəbindən münasibətlərdə müəyyən gərginliyin olduğu da xüsusi olaraq vurğuladı. Söhbət ondan gedir ki, burada birbaşa olaraq Fransa məsuliyyət daşıyır. Fransa özünün bu yanaşmasını dəyişməlidir. Əvvəlki dövrdə ölkələrimiz arasında münasibətlər yüksək olub. Ancaq son dövrlər Parisin atdığı bəzi addımlar səbəbindən münasibətlərin bir qədər gərginləşdiyini müşahidə edirik".

Ceyhun Məmmədov qeyd edib ki, Prezident xarici medianın fəaliyyətilə bağlı bir sıra önəmli məsələlərə də toxunub:

"Bir sıra dövlətlərin media qurumlarının Azərbaycanın daxili işlərinə qarışmasının, yerli media qurumlarına xaricdən maliyyə verilişinin qəbuledilməz olduğu vurğulandı. Müsahibədə Rusiya ilə münasibətlərə, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimi məsələlərə də toxunuldu".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Prezident bu müsahibəsində ölkə daxili və xarici məsələlərlə bağlı bəzi məsələlərə toxunaraq, bir sıra önəmli mesajlar verib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->