Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında aparılacaq bərpa işləri ilə maraqlanıblar.
Qaynarinfo xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir və bərpa edilən hoteldə görülən işlərlə tanış olublar.
Qaynarinfo xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulur. Bu binalar işğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmışdır. Bu ilin mayından başlayan bərpa işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək hotelin interyeri autentik üslubda olacaq.
Məlumat verilib ki, binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.
Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb.
Təmir-bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.
Qaynarinfo xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.
Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlayıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və erkerlərin taxta konstruksiyalarının çürümüş hissələri bərpa olunub. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri bərpa edilib.
Eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bu işlər ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və "Güldəstə”sini də əhatə edir.
Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Qeyd olundu ki, bulağın damı əvvəlki vəziyyətinə gətirilib.
Məlumat verildi ki, təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Muzeyin ekspozisiyası özündə bir şuşalının evini təcəssüm etdirəcək. Burada ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan, evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq otağı, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.
Qeyd olundu ki, təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.
Qaynarinfo xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirildi ki, bina 1970-ci illərdə inşa edilib. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var. Burada əməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Binada, həmçinin akt və iclas zalları da mövcuddur.
Qeyd edək ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binası bərpa və yenidənqurmadan sonra sözün həqiqi mənasında göz oxşayır. Binanı seyr edərkən Prezident İlham Əliyevin 2021-ci martın 16-da Şuşaya səfəri zamanı söylədiyi "Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq” sözlərinin artıq reallığa çevrildiyini görmək olar.
Şərhlər