
Özbəkistan Prokurorluğu prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın yaxın adamlarından sayılan Nurməhəmməd Sadıqovun oğurlanması ilə bağlı cinayət işi qaldırıb.
Qaynar.info "fergananews" saytına istinadən bildirir ki, Sadıqovun oğurlanması ilə bağlı onun yaxınları məlumat veriblər. Onun qardaşı həyat yoldaşı xarici mətbuat orqanlarına məktubla müraciət edərək bildirib ki, qaynının oğurlanmasının arxasında Gülnarə Kərimova və onun quldurları dayanır.
Məktub müəllifinin sözlərinə görə, Sadıqov 2001-ci ildən Kərimovanın kommersiya işlərini aparıb və bu müddət ərzində o, öz işini vicdanla yerinə yetirib. Lakin günlərin birində təzyiqlərə məruz qalıb, daha sonra isə oğurlanıb. Bu hadisə 2013-cü ilin əvvəlində baş verib. Kərimovanın adamları onun yaxınlarını hədələyiblər ki, səslərini çıxarmasalar Sadıqovu buraxacaqlar. Lakin bu baş verməyib.
Yaxınların polisə müraciəti də hələ ki bir nəticə verməyib. Məlumata görə, Kərimovanın obyektlərinin birində saxlanılan Sadıqov mütəmadi olaraq döyülür və ondan külli miqdarda pul tələb olunur.
"fergananews" un məlumatına görə, itkin düşən Sadıqov əvvəllər maliyyə naziri Rüstəm Əzizovun qaranlıq mühasiblərindən biri olub, sonradan isə Gülnarə Kərimova ilə əməkdaşlıq edib. Ehtimal olunur ki, oğurlayan şəxslər ondan Gülnarə Kərimovadan gizli xərclədiyi pullar haqqında məlumat tələb edirlər.
Qaynar.info