Poltava vilayət prokurorluğu Poltava şəhərinin meri Aleksandr Mamaya qarşı ittiham irəli sürüb. O, milli təhlükəsizlik prinsiplərinə qarşı cinayət törətməkdə (Ukrayna Cinayət Məcəlləsinin 114-2-ci maddəsinin 2-ci hissəsi) şübhəli bilinir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb .
Prokurorluğun məlumatına görə, Mamay Ukraynaya silah və sursatların daşınması və ya hərbi vəziyyət və ya fövqəladə vəziyyət zamanı Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin yerləşməsi barədə məlumat yayıb. Halbuki, həmin məlumatları nə Ukraynanın Baş Qərargahı, nə Müdafiə Nazirliyi, nə də digər dövlət orqanları dərc edib. İstintaq müddətində Mamay şəhər meri vəzifəsindən kənarlaşdırılacaq.
Sözügedən məlumatların verilməsi çox güman ki, Mamayın açıq bəyanatları ilə bağlıdır. Belə ki, dekabrın 15-də o, mətbuata açıqlamasında bildirib ki, Poltavada Ukraynanın üç bölgəsinə eyni vaxtda nəzarət edəcək yeni hərbi hissənin yaradılması planlaşdırılır. O, həmçinin onun konkret yeri haqqında danışıb.
Qeyd edək ki, Mamay rusiyayönlü baxışları ilə tanınır. O, daima SSRİ-yə olan sevgisindən danışıb, şəhər şurasının iclaslarında Sovet İttifaqının himnini oxuyub, İkinci dünya müharibəsini Böyük Vətən Müharibəsi adlandırıb. 2014-cü ilin yanvarında Mamay Viktor Yanukoviçi Ukraynanın qanuni prezidenti adlandırıb.
Nizami Bağırov