Xəbər lenti

Proseslərin Rusiyanın nəzarətinə keçəcəyi inandırıcı görünmür - Qabil Hüseynlinin şərhi
Siyasət13:12 08.04.2022

Proseslərin Rusiyanın nəzarətinə keçəcəyi inandırıcı görünmür - Qabil Hüseynlinin şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Separatçı "Luqansk Xalq Respublikası” və "Donetsk Xalq Respublikası” liderlərinin Rusiyaya birləşmək üçün müraciət etmələri və bunun ardınca Cənubi Osetiyanın da oxşar addım atması təhlükəli ssenarinin işə düşməsinin xəbərçisidir.
Bəzi araşdırmaçılar belə hesab edirlər ki, Qarabağdakı separatçıların qalıqları da eyni addımı atmağa həvəslənə bilər. Lakin 44 günlük müharibədəki məğlubiyyətdən sonra əvvəlki status-kvonun bərpasının mümkünsüzlüyünü separatçıların qalıqları da dərk edir. Digər tərəfdən, dünyanın aparıcı ölkələri savaşın nəticələrini və Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Bu baxımdan, ermənilərin revanş arzusu utopiya təsiri bağışlayır. Lakin məlumatlara görə, artıq Qarabağın bəzi ərazilərində Rusiyaya "birləşmək arzusu” ilə bağlı imzatoplama kampaniyası keçirilir. Hətta Ermənistan Milli-Demokratik Qütb Şurası bu barədə bəyanat yayıb:"Etibarlı məlumatlara görə, Qarabağda Rusiyaya birləşmək məsələsi üzrə qeyri-ictimai şəkildə imzatoplama keçirirlər”. Bəyanatdan aydın olur ki, İrəvan  bu addımı xəyanət hesab edir: "Biz Qarabağda yaşayan soydaşlarımıza müraciət edir və onları nəyin bahasına olursa-olsun, bu anti-erməni aksiyasının qarşısını almağa çağırırıq. Xəbərdarlıq edirik ki, xain imzatoplama həm də Qarabağda yaşayan ermənilərin qovulması üçün əlverişli şərait yarada bilər”. 
Rəsmi İrəvanın mövqeyindən asılı olmayaraq hər halda Qarabağdakı separatçıların prosesi başlatdığı aydın olur. Mövzunu Qaynarinfo-ya şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya və Qarabağdakı separatçılar bu tip avantürist addımlar ata bilər, lakin onların məqsədlərinə çatacağı inandırıcı görünmür:"Çünki proseslər artıq Rusiyanın təsir dairəsindən çıxıb. İndi Qarabağ məsələsi Avropa İttifaqı səviyyəsində müzakirə mövzusudur. Proseslərin yenidən Rusiyanın nəzarətinə keçəcəyi inandırıcı görünmür”. 
Politoloqun fikrincə, Rusiyanın bu prosesdə Qarabağa yerləşdirdiyi sülhməramlıları vasitəsilə aranı qarışdırmağa çalışacağı istisna olunmur. 
"Əlbəttə, kimlərsə aranı qata bilərlər. Amma Azərbaycan da bölgənin güclü dövlətidir. Bundan başqa, Azərbaycanın Türkiyə ilə ciddi əlaqələri var ki, bu əlaqəlar münasibətlərin tənzimlənməsində mühüm rol oynaya bilər. Rusiyanın hansısa istəkləri ola bilər, bölgədə separatçıların qeyri-hüquqi addımlar atmasına yardım edə, yaxud icazə verə bilər, amma bu o demək deyil ki, məqsədinə çatacaq.  Brüssel görüşü artıq təşəbbüsün tamamilə Avropa İttifaqının əlinə keçdiyini ortaya qoydu. Bu kifayət qədər mühüm amildir və Avropa İttifaqının təklifləri bölgədə dayanıqlı sülhə nail olmaq üçün mühüm rol oynayacaq”, - deyə politoloq bildirib. 
Seyid