Dünya 19:45 14.11.2022

Putin generalların qışda irəliləməsini tələb etməklə hərbi səhvə yol verir - ISW

Rusiya prezidenti Vladimir Putin Xersonun təslim olmasından sonra generallarını Donetsk bölgəsinə hücuma sövq etməklə "ciddi səhvə” yol verir.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Tədqiqi İnstitutunun (ISW) analitikləri son hesabatlarında yazır.

"Ruslar bütün cəbhə xətti boyunca müdafiə mövqeləri yaratmağa və gücləndirməyə çalışmırlar, əvəzində Donetsk bölgəsində hücum əməliyyatlarını bərpa edirlər”, - ekspertlər bildirir.

Onların fikrincə, istənilən atəşkəs Rusiya ordusuna səfərbər edilmiş rusların bərpası və təlimi üçün vaxt verə bilər. Bununla belə, Putin əhəmiyyətli qələbədən sonra ukraynalıların emosional yüksəlişini aşağı salmağa çalışır. Hərbi baxımdan o, səhv edir, - ekspertlər xəbərdarlıq edir.

Onlar həmçinin Putinin hücumu bərpa etmək qərarını Ukraynanın işğalına da səbəb olan "psixoloji amillərlə” əlaqələndirirlər. ISW analitiklərinin fikrincə, bundan əlavə, Putinin "Vaqner” özəl hərbi şirkətin yaradıcısı Yevgeni Priqojin tərəfindən açıq şəkildə təmsil olunan müharibənin barışmaz tərəfdarlarına "sərtliyini nümayiş etdirməyə” ehtiyacı var.

Hesabatda deyilir: "Ukrayna və onun tərəfdarları Moskvadan çox Kiyev üçün daha əlverişli şəraitdə əks hücumu davam etdirməklə Putinin səhvindən istifadə etməlidirlər.” Onların fikrincə, cəbhədə qış fasiləsini gözləmək lazım deyil, çünki qış şəraiti indi döyüşlərin getdiyi "palçıqlı şəraitdən” qat-qat əlverişli olacaq. ISW xəbərdar edir ki, "hərarətin aşağı düşməsi ilə döyüşlər səngimək əvəzinə güclənəcək".

Mütəxəssislər qeyd edirlər ki, Xersonun azad edilməsindən sonra Ukrayna hələ də gələcək təhlükəsizliyi və iqtisadi cəhətdən duruş gətirməsinə zəruri olan minimum ərazini geri qaytarmayıb. "Melitopol şəhəri və ətraf rayonlar, Zaporojye AES-i, Dnepr çayının aşağı hissəsinin şərq sahilindəki torpaqlar, həmçinin Donetsk və Luqansk vilayətlərindəki ərazilər Ukrayna üçün həyati əhəmiyyət kəsb edən ərazilərdir”, - hərbi ekspertlər vurğulayırlar. Eyni zamanda, onlar hesab edirlər ki, 2014-cü ildə ilhaq edilmiş Krımın statusu ilə bağlı müzakirələrin hələ də vaxtı deyil. 

Nizami Bağırov