"Bu olay sözügedən müstəvidə Putinə qarşı yönəlik ilk hadisə olsa da, çox təsirli hadisədir və o, Rusiya daxilində bundan sonrakı münasibətlərə təkan verəcək detanator rolunu oynayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiyada güclü nüfuza malik Ümumrusiya Zabitlər Məclisinin bu ölkə prezidenti Vladimir Putin və xalqa ünvanladığı müraciətini şərh edərkən deyib. Həmsöhbətimizin fikrincə, həmin müraciət onu göstərir ki, Rusiya daxilində çoxdan gözlənilən neqativ proseslər üzə çıxmağa başlayıb:
"Əksər politoloqlar Rusiya daxilində vəziyyətin məhz bu həddə gəlib çatacağını proqnozlaşdırırdı. Daha çox diqqəti Putinin ətrafına, ona yaxın siyasi elitaya yönəldilirdi. Bu dəfə isə sözügedən müraciətlə kifayət qədər təsir gücünə və cəmyyətdə mövqeyi olan hərbçilər təbəqəsi Putinə meydan oxudu. Həmin müraciətdə səslənən fikirlər Putin hakimiyyəti dövründə misli görünməmiş bir hadisədir. Ümumrusiya Zabitlər Məclisinin müraciətində səslənən fikirlər onu göstərir ki, həmin sənədi imzalayan ölkənin mühafizəkar və vətənpərvərlərdən ibarət müəyyən kəsimi artıq Rusiya daxilində yaşanan problemin kökünə düzgün baxıb, doğru nəticələr çıxara biliblər. Ona görə də düzgün olaraq bəyan edirlər ki, Rusiyanın problemləri daxildən qaynaqlanır, Putinin xarici və daxili siyasətində ciddi axsamalar var”.
Q. Hüseynli güman edir ki, Putin bu fonda iki yoldan birini seçməli olacaq:
"Ya o, həmin məsələ ilə ciddi maraqlanıb yürütdüyü siyasətinə çəki-düzən verəcək. Ya da müraciətdə səslənən fikirləri qulaqardına vurmaqla öz hakimiyyəti və ölkəsinin daha ağır problemlərin girdabına düşməsinə heç bir əhəmiyyət verməyərək, əvvəlki siyasətini davam etdirəcək. Bir sözlə, Rusiyada, bu ölkə hakimiyyətinin səhv siyasəti üzündən gözlənilən böhran meyilləri tədricən özünü göstərməyə başlayır”.
Qeyd edək ki, Ümumrusiya Zabitlər Məclisinin sədri general-polkovnik Leonid İvaşovun imzası ilə Rusiya prezidenti Vladimir Putinə və xalqa müraciət ünvanlanıb. Müraciətdə Putinin xarici siyasəti cinayətkar adlandırılır və Rusiyaya əsas təhdidlərin ölkə daxilindən qaynaqlandığı bildirilir. Müraciət müəlliflərinin fikrincə, Ukraynaya qarşı müharibə Rusiya üçün tarixin sonu olacaq.
Rüfət Sultan