Xəbər lenti

Putin həqiqətənmi Zelenski ilə görüşməyə hazırdır? (ŞƏRH)
Dünya 16:00 19.06.2025

Putin həqiqətənmi Zelenski ilə görüşməyə hazırdır? (ŞƏRH)

"Növbəti həll olunacaq məsələnin özünün olmaması, onun üstünə gəlməmələri üçün Vladimir Putin yalandan Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bəyan edir". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiya prezidenti Vladimir Putinin birdən-birə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğu barədə verdiyi bəyanatı şərh edərkən deyib.

"Putinin nə demək istədiyini, sözün doğrusu, anlamaq çətindir. Çünki hazırda siyasətçilərin demək olar ki, hamısı bu gün dediyi fikri sabah dəyişir. Ona görə də onların dediklərinə inanmaq olmaz.  Görünür, qonşuluğumuzda başlanan müharibə və ABŞ-ın da ona qoşulması ehtimalı Putini bu fikrə gətirib ki, İranla bağlı məsələ həll olunacaq. Ona görə də növbəti həll olunacaq məsələnin özü olmaması, onun üstünə gəlməmələri üçün yalandan Zelenski ilə görüşməyə hazır olduğu barədə bəyanat verir", deyə Elçin Şıxlı bildirib.



Ekspertin fikrincə, burada Putinin məqsədi vaxtı uzatmaqdır:

"Belədə Putin növbəti fırıldağa əl ataraq, yenə də vaxt uzadır. Rusiya bir müddətdir cəbhədə irəliləyir. Amma onun irəliləməsi hər gün böyük itkilər hesabına, cəmi 50-100 metrlik məsafədə baş verir. Putin İrandan raket və dronlar alır. İndi isə İranın başı özünə qarışıb. Ona görə də Rusiyanı bu silahlarla təmin edə bilməyəcək. Putin də yəqin bunları nəzərə alaraq ona toxunmamaları üçün vaxt udmaq naminə sözügedən açıqlmanı verib. Müharibə Rusiyaya da keçə bilər, bu şapalaq ona da dəyə bilər. Bu səbəbdən də Putin belə siyasi fırıldaqlara əl atır".

Qeyd edək ki, Putin Zelenski ilə görüşə hazır olduğunu bəyan edib. Eyni zamanda, o, növbəti dəfə Zelenskinin legitimliyinə şübhə etdiyini bildirib. 

"Görüşməyə hazırıq... Mən hər kəslə, o cümlədən Zelenski ilə görüşməyə hazıram... Əgər Ukrayna dövləti danışıqları aparmaq üçün kiməsə etibar edirsə, buyursun, qoy bu, Zelenski olsun", deyə Putin jurnalistlərlə söhbətində qeyd edib.

Putinin sözlərinə görə, əsas məsələ sənədləri kimin imzalayacağıdır. O, bir daha Zelenskini "qeyri-legitim” adlandırıb.

Bundan əlavə, Putin əgər Kiyevi Moskva ilə razılığa gəlməkdən imtina edərsə, Ukrayna üçün vəziyyətin "daha da pisləşəcəyi” ilə hədələyib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->