Xəbər lenti

Putin: Rusiya və Ukrayna memorandumları bir-birinə ziddir, lakin danışıqlar lazımdır
Dünya 18:54 27.06.2025

Putin: Rusiya və Ukrayna memorandumları bir-birinə ziddir, lakin danışıqlar lazımdır

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Ukraynanın atəşkəs şərtləri ilə bağlı memorandumları birbaşa ziddiyyət təşkil edir, lakin yaxınlaşma yollarını tapmaq üçün danışıqlar lazımdır. 

Qaynarinfo xəbər verir ki, o, Rusiya tərəfinin Ukrayna nümayəndə heyəti ilə İstanbulda görüşməyə hazır olduğunu açıqlayıb.

"Memorandumlara gəlincə, gözlənilməz heç nə baş verməyib, mən sizə gözlənilməz heç nə deməyəcəyəm, bunlar tamamilə əks olan iki memorandumdur, lakin danışıqlar yaxınlaşma yollarını tapmaq üçün təşkil edilir və aparılır", deyə Vladimir Putin Minskdə jurnalistlərə bildirib.

Rusiya memorandumu atəşkəs üçün iki variant təklif edir: Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına birləşdirilən ərazilərdən çıxarılması və ya qoşunların yerdəyişməsinə qadağa, səfərbərliyin dayandırılması və Kiyevə xarici hərbi yardımın göndərilməsi. Əsas tələblər arasında Ukraynanın neytrallığı və yeni regionların beynəlxalq hüquqi tanınması var. Ukrayna memorandumu, xüsusilə, ilkin şərt olmadan atəşkəs və Rusiya Federasiyası və Ukrayna liderlərinin görüşünü təklif edir. O, həmçinin Ukraynanın neytral qalmağa borclu olmadığını nəzərdə tutur.

İyunun 2-də İstanbulda nümayəndə heyətlərinin görüşündə tərəflər memorandum layihələrini bir-birinə təhvil veriblər. Təkliflərlə tanış olmaq və iyunun 22-dən sonra gözlənilən növbəti danışıqlarda müzakirə etmək planlaşdırılırdı. Kremldən bildirilib ki, tarix əsirlərin mübadiləsi başa çatdıqdan sonra müəyyənləşəcək: Türkiyədə də danışıqlarda belə bir razılıq əldə olunub.

Putin İstanbulda danışıqlarda iştirak edən Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvlərinin operativ təmasda olduqlarını bildirib. O əlavə edib ki, Moskva danışıqların üçüncü raundunu keçirməyə hazırdır:

"Hər iki tərəfin danışıqlar qruplarının rəhbərləri, yeri gəlmişkən, bir-biri ilə daim operativ təmasdadırlar, onlar bir-birinə daim zəng edirlər".

Rusiya prezidenti bildirib ki, Rusiya tərəfi Ukrayna ilə danışıqların üçüncü raunduna hazırdır. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yardımlarını davam etdirəcəyinə, tərəflərin görüşünün İstanbulda baş tutacağına ümid etdiyini bildirib. Danışıqların konkret tarixləri təmas qrupları tərəfindən razılaşdırılacaq:

"Ümumiyyətlə, biz buna hazırıq, yeri və vaxtı razılaşdırmalıyıq. Ümid edirəm ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu prosesi dəstəkləmək mövqeyində qalacaq və biz buna görə ona çox minnətdarıq".

Onun sözlərinə görə, rusiyalı və ukraynalı müzakirəçilər daimi təmasdadırlar: "Məncə, mövzu hər iki tərəfin memorandumlarının müzakirəsi olmalıdır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->