"Əsasən Ukraynaya aid məsələlərdə dəyişiklik olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Rusiya prezidenti Vladimir Putin növbəti dəfə ölkə başçısı seçilərsə, Qərbə və Ukraynanaya münasibətdə hansısa bir dəyişiklik edə bilərmi" sualına cavab verərkən deyib.
Tofiq Zülfüqarov vurğulayıb ki, həm Qərbin, həm də Ukraynanın siyasi dairələrində sülhlə, müvəqqəti atəşkəslə bağlı fikirlər və bəyanatlar səslənməkdədir:
"Onu da əlavə edim ki, Rusiya siyasi elitasının yenilənməyəcəyini indidən təxmin etmək olar. Bu seçkilərdən ciddi dəyişiklik gözləmək mümkün deyil. Lakin savaş limiti də artıq bitib və tərəflər çıxış yolu tapmalıdırlar".
Həmsöhbətimiz əlavə edib ki, artıq hamı hərbi əməliyyatlar vasitəsi ilə əsas məsələni həll etməyin mümkün olmadığını başa düşür.
"Nə Rusiya Ukraynanı məğlub edə bilir, nə də Ukrayna Rusiyanın işğalını dayana bilir", deyə sabiq diplomat qeyd eidb.
Tofiq Zülfüqarovun fikrincə, hazırda elə bir vəziyyət yaranıb ki, hərbi üsullar artıq məsələnin həlli aləti kimi qəbul edilmir:
"Bu həqiqəti hamı dərk edir. Bu baxımdan, problemin həlli yalnız Putinin qərarından asılı deyil. Vəziyyətin məntiqi inkişafı onu deməyə əsas verir ki, problem danışıqlar yolu ilə həll ediləcək".
"Qərblə bağlı Putinin mövqeyində hansısa bir dəyişiklik ola bilərmi" sualına cavab olaraq siyasətçi bildirib ki, hazırkı vəziyyətdə Qərbin Ukrayna müharibəsinə münasibəti fərqlənir:
"Görürür, artıq Qərb Ukrayna probleminə yanaşmada fərqli mövqe sərgiləyir. Ukrayna maraqlarının müdafiəsi ilə bağlı Qərb tərəfindən fikirlər səslənir. Analitiklər, siyasətçilər çox söz deyə bilərlər, amma obyektiv reallığı hamı qəbul etməlidir. Bu savaş çox uzandı".
Günay İlqarqızı