Xəbər lenti

Putin Ukraynanı çörəklə imtahana çəkir (ŞƏRH)
Dünya10:20 20.07.2022

Putin Ukraynanı çörəklə imtahana çəkir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin rəsmi Moskvanın Ukrayna taxılının ixracını asanlaşdırmaq üçün şərtini açıqlayıb. Dövlət başçısı Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması halında ixracı asanlaşdırmağı vəd edib. 
"ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiya taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır. Türkiyə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma əvvəlcə biz məsələni elə qaldırdıq ki, Ukrayna taxılının ixracını asanlaşdıracağıq. Lakin Rusiya taxılının mümkün ixracı ilə bağlı bütün məhdudiyyətlərin götürüləcəyindən də çıxış edirik. Biz bunu ilkin olaraq beynəlxalq təşkilatlarla razılaşdırdıq, onlar bütün bunları yığmağı öz öhdələrinə götürdülər”, deyə Putin bildirib. 
Qeyd edək ki, uzun müddətdir Ukrayna taxılının Rusiyanın nəzarətində olan Qara dəniz hövzəsindən daşınmasına şəraitin yaradılması istiqamətində danışıqlar gedir. Bu prosesdə Türkiyə aktiv vasitəçi rolunda çıxış edir. Lakin görünən odur ki, tərəflər hələ də problemin həllinə müxtəlif baxış bucaqlarından baxırlar. Rusiya özünə qarşı Qərbin tətbiq etdiyi ərzaq embarqosuna qoyulan məhdudiyyətlərin götürülməsi fonunda Ukrayna taxılının ixracına şərait yaradacağını bəyan edir. 
Bu açıqlama ilə Moskva birincisi, özünün də çətin durumda olduğunu etiraf edir. Digər tərəfdən, bu həm də o deməkdir ki, Kreml dünya ərzaq böhranı ilə üz-üzə qalsa da, Ukrayna taxılının daşınmasına "yaşıl işıq” yandırmaq niyyətindən uzaqdır. Əslində, burada müəyyən mənada Rusiyanı da başa düşmək olar. Moskva hər fürsətdən istifadə etməklə öz çətin durumunu yaxşılaşdırmağın qayğısına qalır. Qərbin bu müstəvidə Ukrayna taxılının daşınmasına "yaşıl işığın” yandırılması ilə Rusiyaya güzəştə gedərək, sanksiyaları yumşaldacağı gözlənilən deyil. İndiki vəziyyətdə ABŞ bunun baş verməsinə heç bir halda yol verməz. Bu isə o anlama gəlir ki, Ukrayna taxılı ilə bağlı mövcud problem davam edəcək. Kiyev problemin həlli üçün birmənalı şəkildə yalnız və yalnız alternativ yollar barədə düşünməlidir. 
Rüfət Sultan