Dünya 21:32 07.05.2022

"Putin Ukraynaya qarşı amansız müharibəyə haqq qazandırmaq üçün tarixi təhrif edir" - Blinken

"Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı səbəbsiz və qəddar müharibəsinə haqq qazandırmaq üçün tarixi təhrif etməyə çalışır".

Qaynarinfo UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinkenin İkinci Dünya Müharibəsində nasizm üzərində qələbənin 77-ci ildönümü ilə bağlı bəyanatında deyib.

Onun sözlərinə görə, Avropada müharibə yenidən qızışdıqca, Birləşmiş Ştatlar öz ambisiyalarını həyata keçirmək üçün tarixi yaddaşı manipulyasiya etməyə çalışanlarla mübarizədə qətiyyətini artırmağa hazırdır:

"Müttəfiqlərin nasistlər üzərində qələbəsi kollektiv qəhrəmanlıq və fədakarlıq nailiyyəti kimi qiymətləndirilməlidir. Prezident Putin Ukraynaya qarşı səbəbsiz və qəddar müharibəsinə haqq qazandırmaq üçün tarixi təhrif etməyə çalışır. Tarixi bilənlər yaxşı anlayır ki, prezident Zelenski və cəsur Ukrayna xalqı İkinci Dünya Müharibəsi zamanı qalib gələnlərin ruhunu təcəssüm etdirir. Onlar öz ölkələrini, öz demokratiyasını, bütöv, azad və dinc Avropada Ukraynanın qanuni gələcəyini cəsarətlə müdafiə edirlər”.

ABŞ dövlət katibi vurğulayıb ki, "keçmiş haqqında həqiqəti söyləmək və bizim dövrümüzdə azadlığın keşiyində duran hər kəsə dəstək olmaq” İkinci Dünya Müharibəsində həlak olanlar qarşısında müqəddəs borcdur.

"ABŞ xalqı nasistlərin amansız basqını geri qaytarmaq üçün Avropanın bütün cəbhələrində cəsarətlə vuruşan bir çox başqa ölkələrin cəsur vətəndaşlarına qoşuldu. Bizim ümumi qələbəmiz isə hamı üçün ümumi azadlıq və firavanlıq gətirmədi. Baxmayaraq ki, biz bir çox ölkələrin nasistlərdən və onların işbirlikçilərindən azad edilməsini haqlı olaraq şərəfləndirməklə yanaşı, nəhayət öz yollarını seçmək azadlığını bəyan edənə qədər daha onilliklər boyu tiranlıq altında əzab çəkməyə məcbur olanları tanımaq da vacibdir”, - Blinken bildirib.

O, bu gün dünyaya kölgə salan təcavüz və qeyri-insaniliyə qarşı durmaq əzmini də qeyd edib.

Xəyal Abdullayev