Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlarda "Azov” taborunun komandirlərinin Ukraynaya qaytarılması məsələsi qaldırılmayıb.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bilmirəm, onların özləri bu mövzuya toxunacaqlarmı, amma danışıqlarda bu mövzu müzakirə olunmayıb. Bu, kifayət qədər həssas mövzudur və təbii ki, bu cür formatlarda müzakirə olunmur”, - Kremlin sözçüsü jurnalistlərə bildirib və əlavə edib ki, bu cür söhbətlər "çox qapalı rejimdə” aparılır.
Qeyd edək ki, TRT Haber danışıqlar ərəfəsində məlumat verib ki, liderlərin danışıqları çərçivəsində Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsini müzakirə etmək planlaşdırılır. Hələ iyul ayında Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə şəxsi görüşdə 2022-ci ilin payızından Türkiyədə olan "Azov” taborunun komandirlərinin Ukraynaya qaytarılmasını müzakirə etməyi planlaşdırdığını bildirib. Kreml Türkiyə və Ukrayna tərəflərini hərbi əsirlərin mübadiləsinə dair razılaşmaları pozmaqda ittiham edib.
Nizami Bağırov