
Qafqaz Ömərov
Putin nəyə hazırlaşır? Kremldə son həftə ərzində həyata keçirilən irimiqyaslı kadr dəyişikliklərinin arxasında nə durur? Başı Ukraynadakı proseslərə qarışmış Putin daxildən hansı təhlükəni gözləyir?
Güclü şimal qonşumuz ətrafında baş verən daxili hadisələr, hərtərəfli sıx bağlı olduğumuz bu ölkədə gedən siyasi prosseslər bizi narahat etməyə bilməz. Geosiyasi proseslərin episentrinə çevrilmiş Rusiyanın dağılmaqdan özünü xilas etmək üçün atdığı bütün addımlar bütün regionda əks-səda doğurmaqdadır. Bugünkü siyasi təhlilimizdə Putinin həyata keçirdiyi son kadr dəyişikliyi və Şimali Qafqaza ayrılan xüsusi diqqətdən danışacağıq.
Mayın 12-də Rusiya prezidenti bir çox mühüm dövlət strukturlarını əhatə edən irimiqyaslı kadr dəyişiklikləri və yerdəyişmələri etdi. Putinin sərəncamı ilə Rusiya hökumətində ayrıca Şimali Qafqaz Nazirliyi təsis edildi. Krasnoyarsk diyarının qubernatoru Lev Kuznetsov bu quruma rəhbər təyin edildi. Məlumata görə, Lev Kuznetsov özünü Krasnoyaskda yaxşı göstərib və bununla da Putinin diqqətini cəlb edib. Xatirladaq ki, nazirlikdən əlavə mərkəzi Rostovda olan Şimali Qafqaz Federal Dairəsi də mövcuddur və bu regionda baş verənləri diqqətdə saxlamaq üçün Kreml ərazidəki bütün dövlət strukturlarını çoxdan möhkəmləndirib. Əlavə olaraq Şimali Qafqaz məsələləri Nazirliyinin yaradılması Putinin bizim də yerləşdiyimiz regiona xüsusi əhəmiyyət verdiyini bir daha sübut edir.
Putinin sərəncamı ilə Şimali Qafqaz Federal Dairəsinin rəhbəri Aleksandr Xloponin də vəzifəsindən azad edilib. Ona baş nazirin müavini postu tapşırılıb. Onun yerinə Şimali Qafqazın general-gubernatoru vəzifəsinə Şimali Qafqazdakı Rusiya daxili qoşunlarının birləşmiş komandanı Sergey Melikov təyin edilib. Sergey Melikov uzun illər Rusiya DİN xüsusi təyinatlı diviziyasının komandanı olub və Şimali Qafqaz regionu ilə yaxşı tanışdır. Bundan başqa Rusiya qoşunlarının komandanı Nikolay Roqojkin Sibir Fedearal Dairəsinin rəhbəri təyin edilib. Putinin təsis etdiyi yeni yüksək post isə prezidentin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi postudur. Bu vəzifəyə Putinin işlər idarəsinin keçmiş rəisi Vladimir Kojin təyin olunub.Bundan başqa Rusiya DİN-də də bir çox idarələrin rəislərinin yerləri dəyişdirilib.
Hadisələrin gedişinə baxıldığında bu yerdəyişmələrin təsadüfi olmadığını, Putinin öz idarəçilik aparatının daxilində "liberal" ovuna çıxdığını aydın görərik. Hələ də Rusiyanın ən böyük problemi olan liberal və Qərbə meylli dövlət oliqarxlarından ibarət "beşinci kolon" Kremlin siyasətinə təsir göstərməkdə davam edir. Bu "kolonu" məhv etmək üçün ilk olaraq media-holdinqlərdən başlayan Putin, "liberal oliqarxiyanın" nəzarətində olan media-orqanlarını öz əlinə keçirməyə başladı. Əsas təbliğat silahlarından məhrum olmuş oliqarxiya təzyiqlərini Avropa Femidası vasitəsi ilə davam etdirməyə başladı. Son olaraq “Runet”i özünə yaxın biznesmenlər tərəfindən satın aldıraraq nəzarətinə keçirən Putin, kosmik rabitə və intermet sahəsində Qərbdən asılılığını da aradan qaldırmaq üçün var- gücü ilə mübarizə aparır. Hələlik "beşinci kolonun" axırına çıxmaq Putinə müyəssər olmasa da Yeltsin dövründən fərqli olaraq hazırda bu "kolonla" mübarizə aparmaq və ona müqavimət göstərmək üçün kifayət qədər güc toplaya bilib. Ukrayna hadisələri fonunda Qərbin artan təzyiqlərinə davam gətirəcəyi sual aktında olan Kreml hələ ki, öz oyununu qətiyyətlə oynayır. Rusiyanın ən zəif nöqtələrindən biri olan Şimali Qafqazın bu dəfə də Qərbin xüsusi-xidmət orqanlarının diqqət mərkəzinə çevrilməsi Putini bu bölgədə Kremlin hərbi varlığını artırmağa vadar edir. Yüksək postlara keçmiş generallar, xüsusi xidmət orqanlarında böyük vəzifələr tutmuş kadrlar gətirilir. Kənardan baxarkən bu proseslər Rusiyanın dünya müharibəsinə hazırlaşdığı təsəvvürünü yaradır. Geosiyasi qarşıdurmanın bütün iştirakçıları son zamanlar ancaq gücün dili ilə danışırlar. Bu, dipolomatiyanın sözünün bitdiyi mənasına gəlir və dünyamızın böyük fəlakətlər qarşısında olduğundan xəbər verir. Hadisələr isə hər gün qızışır, getdikcə lokal konfliktlər yeni əraziləri əhatə edir və daha böyük coğrafiyaya yayılır.
İnterpress.az