Dünya 17:49 29.12.2022

“Putinin aşpazı” kiminlə düşmənçilik edir?

"Vaqner” özəl hərbi təşkilatın sahibi Yevgeni Priqojin təkcə Müdafiə Nazirliyi ilə deyil, həm də Prezident Administrasiyası və prezidentin Sankt-Peterburqdan olan köhnə dostları ilə münasibətləri mürəkkəbləşib.

Ukraynada müharibənin başlaması ilə siyasi çəki qazanmağa başlayan iş adamı və "Vaqner” özəl hərbi təşkilatın yaradıcısı Yevgeni Priqojin Vladimir Putinin tərəfdaşları arasında böyük narazılığa səbəb olur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Vajnıye istorii” prezidentin köhnə dostlarına, FSB və təhlükəsizlik orqanlarına yaxın mənbələrə istinadən yazır

Nəşr iddia edir ki, Müdafiə Nazirliyi və Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovla açıq söz savaşından əlavə, Priqojin prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun yolunu "kəsib”, xüsusən də onun məsuliyyət zonasına müdaxilə edib və məmurların təyinat və vəzifədən azad edilməsinə təsir göstərməyə çalışır. Bundan başqa, Kiriyenko nəzarətində olduğu qondarma Donbas Respublikalarında Priqojinin aktiv fəaliyyətə başlamasını bəyənmir. İndi iş adamının muzdluları orada müdafiə xətti qururlar. 

Mənbə qeyd edir ki, Priqojin prezidentə yaxınlığı və media resursları ilə Prezident Administrasiyanı narahat edir, çünki qurum nə Priqojinə, nə də onun mediasına nəzarət edə bilmir. Buna görə də Putinin LDXR-dəki vəziyyətlə bağlı hansı hesabatları alacağını və onların məzmununun Kiriyenkonun baxışlarına nə qədər uyğun olacağını proqnozlaşdırmaq mümkün deyil.

Administrasiyadan əlavə Priqojin həm də prezidentin "Ozero” kooperativindəki köhnə dostlarını, o cümlədən Sankt-Peterburq bankı "Rossiya”nın əsas sahibi Yuri Kovalçuku özünə qarşı çıxarıb. Mənbə bildirir ki, Putin Sankt-Peterburqda olduğu günlərdə cinayətkarlarla iş birliyində olsa da, onları heç vaxt öz yaxın ətrafına buraxmayıb. Priqojin məsələsində Putin dostlarının da əməl etdiyi cinayətkarların "yüksəlişinin” yolverilməzliyi ilə bağlı öz qaydalarını pozub.

Ukraynadakı müharibə kartları qarışdırıb və 10 il həbsdə olan bir iş adamının nüfuzunu qaldırıb, indi onun özəl hərbi təşkilatı cəbhədə çox faydalı olub. Öz əhəmiyyətini hiss edən Priqojin siyasi məsələlərə qarışmağa başlayıb. Mənbənin sözlərinə görə, Putinin köhnə dostları kriminal keçmişi olan şəxsin onlarla "eyni meydanda oynamaq” cəhdini qəbuledilməz hesab ediblər, lakin indi onunla açıq şəkildə üzləşə bilmirlər - prezident Priqojini yüksək qiymətləndirir.

İş adamının FSB ilə də münasibətləri alınmayıb. Təhlükəsizlik xidməti əməkdaşları məhbusların "Vaqner”ə cəlb edilməsində Priqojinin "fəaliyyətini müşayiət etməli" olduqlarından narazıdırlar. Əsas diqqət quldurlar və qatillərə yönəldiyindən və Ukraynadakı müharibədə onlara demək olar ki, hər şeyə, o cümlədən işgəncə və qətlə icazə verildiyindən FSB son nəticədə buna görə öz əməkdaşlarının məsuliyyət daşıyacağından qorxmağa başlayıb.

Təhlükəsizlik xidməti orqanlarının ən böyük narahatlığı belə bir kontingentin mülki həyata qaytarılmasının nəticələridir. FSB müharibədən keçmiş və özəl hərbi təşkilatlarda yeni bacarıqlar almış xüsusilə təhlükəli cinayətkarların nəzarəti ilə məşğul olmalı olacaq. Eyni zamanda, bununla bağlı yaranacaq mümkün problemlər artıq Priqojinin problemi olmayacaq.

Nizami Bağırov