Rusiya prezidenti Vladimir Putinin Rusiyanın NATO-ya təcavüz etməkdə maraqlı olmadığı barədə bəyanatları Kremlin 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində, o cümlədən fevralın 24-nə qədər Rusiyanın Ukraynaya hücum etmək niyyətində olmadığı barədə fikirlərinə çox bənzəyir.
Qaynarinfo xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutu (ISW) Putinin dekabrın 17-də Rusiya dövlət kanalı "Rossiya 1”ə verdiyi geniş müsahibəni təhlil
edib.
Orada o, Finlandiyanı hədələyib və Rusiya Federasiyasının NATO ilə müharibə etmək niyyətində olmadığını bildirib.
"Putinin NATO-ya qarşı sülhsevər niyyətləri barədə verdiyi vədlər onun və Kreml ekspertlərinin son vaxtlar NATO üzvü olan ölkələrə qarşı etdiyi təhdidlər kontekstində mənasız görünür.
Putin dekabrın 17-də verdiyi müsahibədə... ABŞ prezidenti Co Baydenin dekabrın 6-da Rusiyanın Ukraynadakı müharibədə qalib gələcəyi təqdirdə NATO ölkəsinə hücum edəcəyi ilə bağlı xəbərdarlığına etiraz etməyə çalışıb. Putin Rusiyanın NATO ilə müharibə etmək üçün heç bir geosiyasi, iqtisadi, hərbi və ya ərazi səbəbinin olmadığını və Rusiyanın NATO üzvü olan ölkələrlə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Bu müsahibə çox güman ki, Kremlin Rusiyanın NATO-ya hərbi təhdidini xəyali və süni kimi qələmə vermək səylərini gücləndirmək üçün qəsdən edilmiş cəhd idi”, - ISW-nin yeni hesabatında deyilir.
Analitiklər hesab edirlər ki, bütün bu təminatlar əsassızdır. Onlar xatırladırlar ki, iyulun 21-də Varşava "Vaqner” yaraqlılarının Belarusa yerləşdirilməsi ilə əlaqədar Belarus-Polşa sərhədinə qoşun yeritdikdən sonra Putin Polşanı hədələyib. Həmin vaxt Putin Rusiyanın buna "bütün vasitələrlə” cavab verəcəyini bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev avqustun 29-da Ukraynanın işğal olunmuş Krıma zərbələr endirməsinə Qərbin dəstəyini şərh edərək, Rusiyanın "NATO ölkələrinin hər birinə qarşı jus ad bellum (müharibə qanunu) çərçivəsində hərəkət etmək qabiliyyətinə malik olduğu” ilə hədələyib.
Medvedev noyabr ayında Rusiyanın Varşavanı "dövlətçiliyini” itirə biləcək "təhlükəli düşmən” hesab etdiyini deyərək Polşanı eyni şəkildə hədələyib.
O da bildirilir ki, dekabrın 2-də dövlət televiziyasında Rusiya təbliğatçısından biri Baltikyanı ölkələrin Rusiyanın növbəti hərbi hədəfi olacağını və Ukraynadan sonra tezliklə süqut edəcəyini bildirib.
Rusiyalı təbliğatçı Vladimir Solovyov, Medvedev və digər "ekspertlər” daim ABŞ və NATO-ya üzv olan digər ölkələrə qarşı nüvə silahından istifadə etməklə hədələyirlər.
ISW xatırladır ki, bu təhdidlər Finlandiyanın Alyansa qoşulmaq üçün müraciətindən və aprelin 4-də qəbul edilməsindən əvvəl, NATO-ya mümkün hücumla bağlı Rusiyanın uzun müddətdir davam edən narrativlərinin bir hissəsidir.
"Əlbəttə, rusiyalı ekspertlərin bəyanatları NATO ölkələri üçün hərbi təhlükə yaratmır, lakin bu, Putinin dekabrın 17-də müsahibəsi zamanı vəziyyəti sakitləşdirmək üçün göstərdiyi iddialar üçün vacib kontekstdir”, ekspertlər əmindirlər.
Onlar qeyd edirlər ki, Putin iyirmi ildir, NATO-nu məhdudlaşdırmağa və zəiflətməyə çalışır və daim Alyansda dəyişiklik tələb edir.
"Dekabrın 17-də Putin bildirib ki, Rusiyanın Qərbin birliyini zəiflətmək və NATO-nu "açıq qapı siyasəti” kimi əsas prinsiplərindən əl çəkməyə məcbur etmək kimi çoxdankı məqsədini gizlətmək üçün NATO ölkələri ilə heç bir "ərazi mübahisəsi” yoxdur”, analitiklərin hesabatında bildirilir.
Putin bütün hakimiyyəti dövründə ardıcıl olaraq bu məqsədə nail olmağa çalışıb və 2021-ci ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyinə ABŞ və NATO-ya ultimatumlar verməyi əmr etməklə, digər məsələlərlə yanaşı, Alyansdan "təhlükəsizlik zəmanəti” və genişləndirməmək öhdəliyi tələb etməklə ona tam sadiqliyini nümayiş etdirib.
Analitiklər əmindirlər ki, Putin NATO-nun qlobal qüdrətini sarsıtması, struktur və ideoloji cəhətdən zəifləməsi və Rusiyanın gələcək hədəflərinə, o cümlədən ərazi fəthləri və ya Moskvanın öz sferası hesab etdiyi dövlətlər üzərində Rusiya suverenliyinin yaradılmasına qarşı duruş gətirə bilməyəcəyi şərait yaratmaq istəyir.
ISW bildirib ki, ABŞ və Avropa, eləcə də NATO və digər Qərb strukturları daxilində artan gərginlik Qərbin Kremlin aqressiv davranışına kollektiv reaksiyasını zəiflədə və Putinə Rusiyanın məqsədlərinə çatacaq yeni koalisiya şəbəkəsi yaratmağa imkan verə bilər.
Putin mütəmadi olaraq Qərb ittifaqlarını bəyənmədiyini təkrarlayaraq, Rusiyanın əsas dünya hadisələri üzərində veto hüququna malik olacağı çoxqütblü dünya nizamına çağırır.
Analitiklər əmindirlər ki, Putin NATO-nun Rusiyanın iddialarını, tələblərini və təsir dairəsini tanımasını istəyir və Rusiyanın "ABŞ hegemonluğuna” son qoymaq niyyətini dəfələrlə bəyan edib.
"Jurnalistin Rusiyanın ABŞ ilə necə ortaq dil tapa biləcəyi ilə bağlı sualına Putin cavab verib ki, məhz ABŞ-ın Rusiya ilə ortaq dil tapması və "hesablaşması” lazım olacaq ki, bu da Putinin ABŞ-ı daha zəif dövlət hesab etdiyini göstərir. Onun Rusiyanı güclü dövlət kimi qəbul etməsi o deməkdir ki, Rusiya Federasiyasının "ortaq dil” tapmasına və ya ciddi diplomatik danışıqlara getməsinə ehtiyac yoxdur”, - ISW-nin hesabatında deyilir.
Təhlilçilər bildirirlər ki, bu bəyanatların hər ikisi ABŞ və NATO-ya qarşı təhdidlər kimi qəbul edilə bilər.
Nizami Bağırov