Xəbər lenti

Putinin növbəti hədəfi kimdir və Zelenskinin mesajı nə qədər realdır? (ŞƏRH)
Dünya 15:34 06.08.2026

Putinin növbəti hədəfi kimdir və Zelenskinin mesajı nə qədər realdır? (ŞƏRH)

"Rusiya rəhbərliyinin məqsədi keçmiş Sovet respublikaları üzərində öz təsirini bərpa etməkdir".

Bu fikri Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib. Onun sözlərinə görə, Ukrayna Kremlin postsovet məkanına dair strategiyasında əsas hədəfdir və məhz buna görə də ölkəsi təkcə öz müstəqilliyini deyil, dolayısı ilə digər keçmiş Sovet respublikalarının suverenliyini də müdafiə edir.

"Putinin məqsədi artıq dağılmış imperiyanı yenidən bir araya gətirməkdir. Keçmiş Sovet İttifaqı ölkələri nə qədər güclü və müstəqil olarsa, bu, onun üçün bir o qədər çətin olacaq”, deyə Zelenski bildirib.

Ukrayna liderinin fikrincə, Rusiyanın Ukraynada uğursuzluğa düçar olması Moskvanın digər postsovet ölkələrinə siyasi və hərbi təzyiq imkanlarını da zəiflədə bilər.

"O, bizi sındırmaq istəyir. Əgər buna nail olsa, digər postsovet ölkələri ilə işi daha asan olacaq. Buna görə də Ukraynanın müqaviməti təkcə öz gələcəyi üçün deyil, regionun təhlükəsizliyi baxımından da əhəmiyyət daşıyır”, deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bu fikirlər yeni deyil. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyev dəfələrlə bəyan edib ki, Ukraynanın müqaviməti Avropanın və postsovet məkanının təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir. Qərb ölkələrinin Ukraynaya göstərdiyi genişmiqyaslı hərbi və maliyyə dəstəyi də böyük ölçüdə məhz bu arqumentlə əsaslandırılır.

Bununla belə, Zelenskinin iddiası siyasi müzakirələr doğuran məsələdir. Bir çox Qərb analitikləri hesab edirlər ki, Rusiya son illərdə keçmiş SSRİ məkanında nüfuzunu qorumaq və genişləndirmək üçün müxtəlif vasitələrdən istifadə edib. 2008-ci ildə Gürcüstanla müharibə, 2014-cü ildə Krımın ilhaqı, Donbasda separatçı qüvvələrə dəstək, 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilə, eləcə də Belarusla dərin inteqrasiya siyasəti bu yanaşmanın əsas arqumentləri kimi göstərilir.

Digər tərəfdən, Rusiya rəhbərliyi bu ittihamları qəbul etmir. Kreml rəsmi olaraq bildirir ki, məqsədi keçmiş Sovet İttifaqını bərpa etmək deyil, öz milli təhlükəsizliyini təmin etmək, NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq və rusdilli əhalinin maraqlarını qorumaqdır. Moskva Ukraynaya qarşı müharibəni də məhz bu arqumentlərlə izah edir.

Bəs Ukrayna həqiqətənmi Azərbaycanın və digər postsovet ölkələrinin müstəqilliyi uğrunda da mübarizə aparır? Bu suala birmənalı cavab vermək çətindir. Bir tərəfdən, Rusiyanın Ukraynada zəifləməsi onun hərbi, siyasi və iqtisadi resurslarını məhdudlaşdırır. Bu isə obyektiv olaraq Moskvanın digər istiqamətlərdə təzyiq imkanlarını azalda bilər. Digər tərəfdən, hər bir postsovet ölkəsinin təhlükəsizlik mühiti, xarici siyasəti və geosiyasi prioritetləri fərqlidir. 

Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür, həm Rusiya, həm Türkiyə, həm də Qərb dövlətləri ilə münasibətlərini milli maraqlar çərçivəsində qurmağa çalışır. Bu səbəbdən Ukrayna cəbhəsində baş verən hadisələri avtomatik olaraq Azərbaycanın təhlükəsizlik modeli ilə eyniləşdirmək düzgün olmazdı.

Bununla yanaşı, son illərin geosiyasi reallığı bir həqiqəti ortaya qoyur-postsovet məkanında baş verən böyük proseslər regionun bütün dövlətlərinə təsir göstərir. Ukrayna müharibəsi təkcə iki ölkə arasındakı silahlı qarşıdurma deyil, həm də Avrasiya təhlükəsizlik sisteminin gələcəyini müəyyən edən əsas geosiyasi böhranlardan biridir. Məhz buna görə də Zelenskinin bəyanatı təkcə siyasi ritorika kimi deyil, regionun gələcəyi ilə bağlı strateji müzakirənin tərkib hissəsi kimi qiymətləndirilir.

Bu baxımdan əsas sual açıq qalır-Ukraynadakı müharibənin nəticəsi yalnız Kiyevin taleyini müəyyən edəcək, yoxsa bu nəticə postsovet məkanında qüvvələr balansını və Rusiyanın gələcək davranış modelini də dəyişəcək? Bu suala qəti cavabı isə yalnız müharibənin yekun nəticələri və ondan sonrakı geosiyasi proseslər verəcək. 

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->