Xəbər lenti

Putinin təbliğatçı tarix dərsliyini yazan köməkçisi Rusiya Yazıçılar İttifaqının rəhbəri oldu
Dünya 18:10 27.02.2025

Putinin təbliğatçı tarix dərsliyini yazan köməkçisi Rusiya Yazıçılar İttifaqının rəhbəri oldu

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski alternativsiz seçkilərdə Rusiya Yazıçılar İttifaqının (RYİ) sədri seçilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə XVII fövqəladə qurultayda qəbul olunan qərara əsasən "İnterfaks” məlumat yayıb.
 
Medinskinin namizədliyini 2018-ci ildən İttifaqa rəhbərlik edən, lakin qurultayda səlahiyyətlərini yerinə yetirməkdən imtina edən Nikolay İvanov irəli sürüb. Sədr postuna başqa namizəd olmayıb. Nəticədə prezidentin köməkçisinə 143 nəfər səs verib, bir nəfər əleyhinə çıxıb, üç nəfər isə bitərəf qalıb.

Səsvermədən əvvəl qurultayda təşkilatın Nizamnaməsinin yeni redaksiyası da qəbul edilib. Buna əsasən, rəhbər vəzifə "sədr – birinci katib” adını alıb. Bundan başqa, İttifaqda yeni bir struktur – təsərrüfat fəaliyyəti üzrə direksiya yaradılıb, yaradıcı məsələlərə isə bundan sonra katiblik cavabdeh olacaq. Bu barədə İvanov məlumat verib: "Bu sxem SSRİ-də mövcud idi, biz yeni heç nə icad etmirik, sadəcə, tarixin ən yaxşı tərəflərini götürürük”, – deyə o bildirib.

Seçkidən sonra Medinski İttifaqa rəhbərlik etməyin "xüsusi imtiyaz deyil, ağır iş və məsuliyyət” olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas problem dövlətin ədəbiyyat və kitab bazarı sahəsindən demək olar ki, tamamilə çəkilməsi ilə bağlıdır. "Məsələn, kinoya dövlət maliyyəsi milyardlarla ayrılır, teatr subsidiyalarla dəstəklənir, amma ədəbiyyat nə maliyyə, nə də diqqət görür”, – deyə Medinski bildirib.

"Yazıçıların statusunun marjinallaşmasını müşahidə edirik. <…> Ədəbiyyatla məşğul olanların əksəriyyəti hətta yaşayış minimumu qədər belə qazanc əldə etmir”, – deyə prezidentin köməkçisi qeyd edib. Onun sözlərinə görə, ədəbiyyat və oxu mədəniyyətini inkişaf etdirmək və dəstəkləmək lazımdır, çünki "oxunu heç nə, o cümlədən televizor əvəz edə bilməz”. O, Yazıçılar İttifaqına bloqerləri dəvət etməyi, mülkiyyətin özəlləşdirilməsini yenidən nəzərdən keçirməyi və təşkilatın yeni saytını yaratmağı təklif edib.

RBK-nın kitab bazarındakı mənbələrinin sözlərinə görə, Medinskinin Yazıçılar İttifaqına rəhbər təyin edilməsi hakimiyyətin bu sahəyə artan marağı ilə bağlıdır. "Ədəbiyyata ideoloji xarakterli çoxlu suallar var. Hakimiyyətlə dialoq qura biləcək bir şəxs lazımdır”, – deyə nəşrin mənbələrindən biri qeyd edib.
Medinski "Rusiyanın mifləri”, "Rus sərxoşluğu, tənbəlliyi və qəddarlığı haqqında”, "Rus demokratiyası, çirk və ‘xalqlar həbsxanası’ haqqında”, "Rus oğurluğu, ruhu və dözümlülüyü haqqında” adlı kitabların müəllifidir. O, həmçinin 10–11-ci sinif şagirdləri üçün yeni tarix dərsliyinin müəlliflərindən biridir. Bu dərslikdə Rusiya Prezidenti Vladimir Putinin SSRİ-nin dağılmasını XX əsrin "ən böyük geosiyasi fəlakəti” adlandıran sitatı yer alır, 1990-cı illər neqativ formada təsvir edilir, Krım və digər Ukrayna ərazilərinin anneksiyası "tarixi torpaqların qaytarılması” adlandırılır. Bundan əlavə, dərslikdə "Ukrayna nasizmi”, "ABŞ-ın Rusiyaya təzyiqi” və "tarixin saxtalaşdırılması” haqqında çoxlu fikirlər yer alır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->