Slovakiya tarixində qanunsuz it çoxaldılmasına qarşı indiyədək keçirilmiş ən böyük əməliyyat baş tutub.
Qaynarinfo xəbər verir ki, Şərqi Slovakiyada yerləşən Partizanske və Pryevidza şəhərlərində baş tutan reyd zamanı üç fərqli ərazidə ümumilikdə 853 it və bala müsadirə olunub. Təkcə bir fərdi yaşayış evində polis əməkdaşları 305 qanunsuz çoxaldılmış iti aşkarlayıb.
"Reydin miqyası və müsadirə olunan canlı heyvanların sayı nəzərə alındıqda, bu, Slovakiya Respublikasının tarixində qanunsuz it çoxaldılmasına qarşı keçirilmiş ən böyük əməliyyatdır", deyə Slovakiya polisi "Facebook" səhifəsində bildirib.
Polis və baytarlar tərəfindən yoxlamalar zamanı heyvanların əzgin, qorxmuş vəziyyətdə və çirkli qəfəslərdə saxlanıldığı müəyyən edilib. Müsadirə olunanlar arasında koker-spaniel, şpis, pudel, maltez, yorkşir terriyeri və müxtəlif cinslərin qarışıqları olub. Rəsmilərin bildirdiyinə görə, bu itlər Almaniya, İtaliya və Belçikaya aparılaraq orada satılmalı imiş.
Qanunsuz şəkildə çoxaldılıb satılan itlərin ticarəti olduqca gəlirli biznes hesab olunur. Bir itin qiyməti 500–600 avro, bəzən isə 1000 avroya qədər yüksəlir. Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir və qanunsuz heyvan yetişdiricilərinə qarşı mümkün cəzalar barədə hələlik məlumat verilmir.
Slovakiya Baytarlıq Xidmətinin direktoru Martin Xuda Radio Slovakia International saytına açıqlamasında bildirib:
"Bu heyvanlar ixrac üçün nəzərdə tutulmuşdu. Təəssüf ki, Slovakiya hələ də heyvanları istehsal maşını kimi istifadə edən belə ‘çoxaldıcıların’ mövcud olduğu ölkələrdən biridir".
Aydın
Şərhlər