Xəbər lenti

“Qarabağ” və “Neftçi” qrupun biraddımlığında: Nəyə ümid edək? - Mütəxəssislər danışır
İdman13:00 26.08.2021

“Qarabağ” və “Neftçi” qrupun biraddımlığında: Nəyə ümid edək? - Mütəxəssislər danışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Konfrans Liqasının cavab qarşılaşmaları çərçivəsində "Neftçi" və "Qarabağ" növbəti matçına çıxacaq. Təbii ki, hər iki təmsilçimizin oyunları, şansları haqda fikirlər birmənalı deyil. Azərbaycanın tanınmış mütəxəssisləri Arif Əsədovla Şahin Diniyev təmsilçilərimizin şanslarını dəyərləndirib.
Hər iki mütəxəssis Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
Arif Əsədov: "Şans hər iki komandamızda var. Təbii ki, "Qarabağ" evdə qələbə qazandığı üçün şansı daha çoxdur, nənki "Neftçi"nin. Futbolda hər şey ola, bəzən reallıqdan kənara çıxıla da bilər. "Neftçi" 3:1-lik üstünlüyü saxlayıb qələbə qazansaydı, daha asan olardı. Bundan əlavə, vacib itkiləri də var. Yusuf Lavalın yoxluğunu qeyd etmək istərdim. "Neftçi"nin ən yaxşı oyunçularından biri idi. Həm çətin anlarda komandanı arxasınca apara bilirdi, fiziki cəhətdən güclü, həm də qolları ilə fərqlənirdi. Yəni, "Neftçi" üçün çox böyük itkidir. Onun yoxluğu bu oyunda öz sözünü deyəcək. "Neftçi"nin Bakıda üstünlüyü qoruyub saxlaya bilməməsinin əsas səbəbi azlıqda, 10 nəfərlə qalması idi. Onsuz da oyuna buraxılan futbolçuların güc qata blməməsi görünürdü. Üstəlik bir futbolçunun olmamasına görə digər kreativ oyunçular da məcburən müdafiəyə çəkilirdilər. Bu da onların imkanlarının başqa yönə doğrulmasına səbəb olurdu. Hər iki komandada oyunçuların sayı bərabər olsaydı, Emin, Buqrin kimi futbolçular daha rahat oynayardılar. Ancaq məhz rəqib "Neftçi"nin müdafiədə oynamasından yararlanaraq ardıcıl hücumlar etdi. Nəticədə səhvlər öz sözünü dedi. "Neftçi"nin İsraildə necə oynamalı olduğunu demək bir qədər düzgün çıxmaz. Sadəcə, kənardan göründüyü kimi, komanda şəklində müdafiədən oynamağa bir qədər fikir versinlər. Hücuma keçərkən arada boşluqlar yaranmasın. Bu şəkildə rəqibə probem yarada bilərlər. "Neftçi"nin əks-hücumlarda oyunu daha yaxşı alına bilər. Heyətdəki keyfiyyətli futbolçular az ötürmələrlə topu rəqibin olduğu zonaya daha tez çatdıra bilərlər. Əsas odur ki, rəqib çox futbolçu ilə hücum edəndə "Neftçi" boşluqlar verməsin. Onsuz da müdafiədə problemlər var. Rəqib çoxluqda olanda bu, özünü daha çox büruzə verir. Məncə, fiziki hazırlıq baxımından "Neftçi" o tempə dözməlidir.
Bakıda "Qarabağ" açıq şəkildə rəqibindən üstün oyun nümayiş etdirdi. Mənə elə gəlir ki, səfərdə tamam başqa oyun görə bilərik. Çünki Şotlandiya komandası öz meydanında oynayır. Bakıdakı oyun zamanı hava rütubətli idi. Ola bilər ki, ilk dəfə belə bir meydançada futbol oynayırdılar. Amma "Qarabağ" buna alışmışdı və hansı üslubda oynamaq lazım olduğunu bilirdi. Meydançanın yaratdığı çətinlik hər iki komanda üçün eyni idi. Amma bir komanda eyni meydanada oynayırsa, artıq buna uyğunlaşıbr. Məsələn, Kipr komandası AEL-lə oyundan fərqli bu dəfə daha yaxşı çıxış etdilər. Hiss olunurdu ki, "Aberdin" Azərbaycana heç-heçə üçün gəlmişdi. İstəyirdilər ehtiyatlı oynayıb, məsələni öz meydanlarında həll etsinlər. Ona görə də Şotlandiyada Bakıdakı oyunun tam əksini görə bilərik. Çünki onlar artıq "Qarabağ"a bələddirlər, necə oynadığını bilirlər. Biz səfərdə tam başqa "Aberdin" görə bilərik. "Qarabağ" ilk dəfə deyil ki, səfərdə qələbə qazanır. Bundan da güclü komandalara qarşı oynayıb, vəziyyətdən çıxış yolunu bilir. Qurban müəllim və komandası "futbol bicliyi"ndən, rəqibin hücuma atılmalarından yararlana bilər. İstənilən halda "Qarabağ"ın şansı daha çoxdur".
Şahin Diniyev: "Doğurdan da həyəcanlı bir vaxtdır. Komandalarımız qrup mərhələsinin biraddımlığındadır. Həm mənəvi, həm psixoloji, həm də hesab baxımından hər şey üst-üstə düşür. Rahatlıq olmayacaq. "Qarabağ"  Bakıda "Aberdin"i tam üstünlüklə məğlub etdi. Ancaq mediadan oxuduğuma görə, səfərdə "Qarabağ"ı tam başqa bir klub gözləyəcək. Guya meydançanın pis olduğunu deyirdilər. Halbuki meydança hər iki komanda üçün pis idi. "Aberdin" də texnikalı komanda deyil ki, topla oynayıb problemlər yaratsın. Digər tərəfədən motivasiya baxımından asan oyun olmayacaq. Hazırkı durumda "Qarabağ"ın şansları daha çoxdur, nəinki "Aberdin"in. "Qarabağ"ın Avrokubok təcrübəsi imkan verir ki, çətin vəziyyətdə "sürüşkən" hesabı qoruya bilsin. Ümid edirəm ki, komanda bu sınaqdan da üzüağ çıxacaq. 
"Neftçi" haqda az öncə söylədiklərimin tam əksini deyərdim. "Makkabi" Bakıda yüksək səviyyəli futbol göstərdi. Burada oyundan çox psixoloji hazırlıq, qolun tez və ya gec buraxılmasından da çox şey asılı olacaq. "Neftçi"nin Laval itkisi var. Mənə elə gəlir bu onlar üçün ən böyük itkidir. Bakıdakı 3 qolun hamısını onun hesabına yazmaq olar. Onsuz da hücumda problemləri var. Ütəlik hücumların 60-70 faizini quran bir futbolçunun yoxluğu problemlər yarada bilər. Komandada Emin Mahmudov, Sabir Buqrin, hücumameyilli oyunçulardan Harramiz var. "Neftçi"nin şansları "yoxdur" desək, yalan olar. Hesab bərabər olduğu üçün, başdan başlaycaqlarını deyə bilərik. Bununla yanaşı, taktiki gedişlərdən də çox şey asılı olacaq. Çünki "Makkabi"nin necə oynadığını öyrəniblər. Təhlükəli tərəflərini müəyyənləşdiriblər. "Neftçi" üçün taktiki gedişlər vacib olacaq. Düzdür, "Neftçi" oyun baxımından "Makkabi"dən geri qalır. Ancaq sadaladıqlarım amillər vasitəsilə onların qarşısını almaq olar. "Neftçi"nin artıq "oturuşmuş" oyunu var. Ən böyük problemi müdafiədə boşluqlar olmasıdır. Bu müdafiəçilərin zəif olmasından deyil, digər futbolçuların arxa xəttə kömək etməməsindən irəli gəlir. Müdafiədə boşluq olanda, bunda ümumi komandanı günahlandırırlar. Bakıdakı oyunda göründü ki, "Makkabi" hücuma çıxanda geriyə qayıtmaqda problem yaşayır. Belədə "Neftçi" etibarlı oynasa, qrup mərhələsinə vəsiqəni təmin edə bilər. Topa sahibolma və sırf hücum taktikası ilə "Makkabi"yə qarşı oynasalar, "Neftçi" üçün problem yaranacaq. Bu, "Makkabi" üçün boşluqlar yarada və onlara rahatlıq verə bilər. Ancaq sıx müdafiəni yarmaq onlar üçün çətin ola bilər. Bu, şəxsi fikrimdir".
Səbuhi Həsənov