Xəbər lenti

Qarabağda ermənilər Azərbaycana necə inteqrasiya olunmalıdır? (ŞƏRH)
Siyasət05:38 18.08.2021

Qarabağda ermənilər Azərbaycana necə inteqrasiya olunmalıdır? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası bir il ərzində baş verə, yaxud da proses 5-10 ilə qədər də uzana da bilər. Hər şey niyyət, səmimiyyət və doğru-düzgün yanaşmadan asılıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Qulu Məhərrəmli Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyasının necə həyata keçməsi, bunun üçün nələrin edilməli olduğundan danışarkən deyib. Həmsöhbətimiz bildirdi ki, proses vəziyyətdən asılı olaraq sürətlə, yaxud ləng gedə bilər:  
"Azərbaycan qanunlarını qəbul edərək düşmənçiliyə son verəcəklərsə, ermənilərin cəmiyyətimizə inteqrasiyası prosesi də sürətli gedəcək. Tərəddüd içində olacaqlarsa, proses müəyyən dərəcədə ləngiyərək uzanacaq”.
Ekspert qeyd etdi ki, onların cəmiyyətimizə inteqrasiyası üçün ilk növbədə ermənilərin şüurunda dəyişiklik baş verməlidir:
"Dəfələrlə rəsmi səviyyədə deyildiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar tədricən cəmiyyətimizə inteqrasiya olunmalıdırlar. Amma bu inteqrasiyanın kökü onların içində, şüurlarında başlamalıdır. Birinci növbədə Azərbaycan qanunlarını, onun suverenliyini qəbul etməlidirlər. Həmin ermənilər Azərbaycan hakimiyyət strukturları ilə əməkdaşlığa getməli, özlərini ifadə etməli, bələdiyyə, parlament seçkilərində iştirak etməlidirlər. Azərbaycan qanunlarının tələb etdiyi səviyyədə qanunvericiliyə əməl etməli, Konstitusiyanı gözləməlidirlər”. 
Q. Məhərrəmli sözügedən prosesdə fərdlərarası ünsiyyətə başlamağı ən vacib element kimi dəyərləndirdi: 
"Vaxtilə olduğu kimi, ətrafla, qonşularla gediş-gəliş, ticarət, ünsiyyət, yarışlar təşkil edilməlidir. Azərbaycanlılar Xankəndinə getməli, onlar isə Gəncə və Bakıya gəlməlidir. Bu kimi üsullarla inteqrasiya olunmaqla düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq. Ermənilər birdəfəlik başa düşməlidir ki, Azərbaycandan torpaq qoparmaq cəhdləri mümkünsüzdür, onun heç bir sonu yoxdur, separatizm yolverilməzdir”. 
Hömsöhbətimiz bildirdi ki, inteqrasiya prosesinə sülhməramlılar da töhfə verməlidir: 
"Sülhməramlı adı ilə bölgəyə gələn ruslar da düşmənçiliyin kökünü kəsmək istiqamətində addım atmalıdırlar. Amma proses göstərir ki, "sülhməramlılar” bunun əksini etməyə, Azərbaycan vətəndaşlarını Azərbaycana qarşı qaldırmağa çalışırlar. Bu isə yolverilməzdir. II Qarabağ savaşında ermənilərin başı daşdan-daşa dəydi. Onlar sonluğu gördülər. Ona görə də Azərbaycan vətəndaşları olan ermənilər bundan ciddi nəticələr çıxarmalıdır. Məmləkətdə dinc, sülh və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar. Bunun başqa yolu yoxdur”. 
Rüfət Sultan